Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 2 августа 2012 г.

Demokratik mədhnamə

Dünən Milli Kino Günü münasibətilə rejissor Rüstəm İbarəhimbəyova ünvanlanan təbrik məktubunu oxuyanda donub qaldım. Bir an "Ya Rəbb, bunu demokratik düşərgədə yaşayan insanlarmı yazıb?" - dedim.


Təbrikdə tərif olması normal şeydir. Amma məktub tam bir məddahlıq nümunəsi idi. Altında da 200-dən çox adamın imzası. Say ilə, imzanı atanların kimliyi ilə işim yoxdur. Mənə məzmun maraqlıdır. Məktubun tam mətnini buradan oxuya bilərsiniz: Təbrik məktubu

Təsəvvür edin ki, bu məktubu hər hansı demokrat yox, Ceyhun Osmanlı, YAP GT sədri Seymur Orucov Elçin Əfəndiyevə, yaxud bəstəkar Kamala ünvanlayıb. İmza atanların bir çoxundan bu sözləri eşidrədiz: "sabun", "yaltaq", "girənşik" və s. Bir sözlə söyüşün biri bir qəpik. Keçək mətnə:

"Ustad sənətkar və Azərbaycan kinosunun aparıcı siması olaraq, Siz, bu sirli ecazkar sənəti milli mənəviyyatımızın tərkib hissəsi kimi dəyərləndirmiş və onu bütün dünyada layiqincə təmsil edirsiniz" - Belə bir tərifi yazmaq üçün hətta AZTV də özünü gücə salmalıdır. Bir də kino nə vaxtdan milli mənəviyyatın tərkib hissəsi olub? Milli mənəviyyat "qonşudan ayıbdır" diktəsi ilə milli eyiblərimizi gizlətməyi tələb edirsə,  gərək o ölkədə kino çəkilməsin. Çəkilibsə belə, Mədəniyyət Nazirliyinin buxalteri tərəfindən qayçılansın.

"Dünyanın bir çox ölkələrində müxtəlif fəxri adlara, ödül və mükafatlara layiq görülən karifey sənətkar kimi, Siz, öz adınızı dünya mədəniyyət tarixinə həkk etmisiniz" - Bir tərifi 3 dəfə yazmağa nə lüzum? Bircə dəfə "mükafat" yazardınız, hamı anlardı.

"Bu gün Sizin ictimai fəaliyyətiniz, fərdi yaradıcılığınız kimi, xüsusi əhəmiyyət kəsb edib. Onların vəhdətində biz ölkəmizin İŞIQLI gələcəyini elə indidən müşahidə etməkdəyik" - Artıq projektoru sönmüş bir adamın nə edə biləcəyini gözləyirsiz? Universitetə keçid balı 150-ə düşən bir ölkədə hansı " İŞIQLI gələcəyi" müşahidə edirsiz? Mən "elə indidən" yox, hələ uzun illər boyu bu ölkə üçün qaranlıq gələcək görürəm. Bəlkə sizin bəsirət gözünüz açılıb?!

"Şübhə yoxdur ki, bugün Sizə, Azərbaycan Kinomatoqrafçılar İttifaqı və Azərbaycan Ziyalılar Forumuna qarşı yönəldilmiş təhdid və qarayaxma, şər və böhtan kompaniyası da məhz elə bundan ....., Haqq və Ədalət naminə obyektiv çıxışlarınızdan, xalq və vətənsevər mövqeyinizdən qaynaqlanır" - Adları böyük hərflərlə yazılmış Haqq və Ədalət Heydər Əliyev və oğlu Əliyev olmasın? Yaxud Rüstəm bəyin 2008-ci il prezident seçkisi ardınca İlham Əliyevdən sonra prezident olmasını istədiyi Mehriban Əliyeva?

"Sizin simanızda Azərbaycan kinomatoqrafının bütün numayəndələrini ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür və yeni naliyyətlər arzu edirik!" - Bax bu təbrik yox, adamı dolamaq oldu. Azərbaycan kinomatoqrafının bütün numayəndələrini ürəkdən təbrik edirsizsə, deməli İbrahimbəyovun təşkilatını parçalayan Şəfiqə Məmmədovanı da, ordan dabanına tüpürüb qaçan Ayaz Salayevi də təbrik edirsiz. :) Hə nə olar, kimin əvvəli, kimin axırı.

"Biz həmişə sizinlə olmuşuq, bu gün də və heç şübhə etməyin ki, sabah da mütləq sizinlə olacağıq!" - Bax bu artıq ağ yalandır. Rüstəm İbrahimbəyov Mehriban Əliyevanın namizədliyini təklif edəndə imza atanlardan neçəsi onun yanında idi? Əlbəttə olanlar da olub. Novellalar, səidələr, qəlbinurlar hər zaman İlham Əliyev və ailəsi yanında olublar.

Yeganə təskinlik verici şey bu imzalar arasında Elnur Astanbəylinin imzasının olmaması oldu. "Sən dəmi Brut?" deyəcəkdim ki, görmədim. Yazıb səbəbini soruşdum. Cavab belə oldu: "Mətnin məzmununun necə olmasından asılı olmayaraq, qoşulmazdım". Məncə nümunənin ən gözəli. Keçmişində haqlı tənqid etdiyin adamın üstündən keçib, mədhiyyənin altına imza atacaqsansa, hesab et ki, tüpürdüyün boşqabı dilinlə yalayırsan.

"Bir təbrik məktubunda nə var ki, sən onu bu qədər tənqid edirsən?" - deyə bilərsiniz. Qorxulu olan bu deyil, demokratik düşərgədə kadr əvəzinə məddahların, məddahlıq istedadının yetişməsidir. Hesab edin ki, indiki demokratlar hakimiyyət sahibi oldu. Məddahlıq ustaları isə "balaca ilhamları" hər cürə yağlayıb, dövlət malına gənə kimi daraşdılar. Sonra bu adamları istefaya göndərmək olacaqmı? Mədhnamələrdən xumar olmuş başçılarda həmin şəxslərə qarşı qəzəb yaranacaqmı? Şübhə edirəm.

Təbrik edilən şəxsiyyət sahibi nə qədər uca olur-olsun yazılan mətn qısa və anlamlı olmalıdır. Yoxsa məktub yox, mədhnamə olur. Elə dünən Olimpiyada oyunlar tarixinin medal rekordunu qırmış üzgüçü Maykl Felpsi Barak Obama cəmi 94 işarəlik mesajla təbrik etdi. Özü də twitterdən.

Dəfələrlə ictimai sektordakı gənclərin yüksək mövqeli adamlar, xarici qonaqlar, ABŞ səfiri qarşısında necə acizyanə şəkildə əyildiyini, boynubükük çolpalara çevrildiyini müşahidə etmişəm. Qarşınızda ziyalı olsun, başqan olsun, lap Obamının özü olsun, şəxsiyyətinizdən hər zaman bir pillə aşağı dayanacaq. Siz özünüzə hörmət etdikcə. Yox tərifdə, İbrahimbəyovu ya başqasını Şərq üslubunda mədh etməkdə israrlısınızsa, Heydər Əliyevin təbrikinə qulaq asın. Gülünc bir şey olsaydı, nə mən təklif edərdim, nə də ən reytinqli müxalifət qəzetləri tirajlardı.

1 комментарий:

  1. səni əmin edirəm ki, adları qeyd olunanların əksəriyyəti, Rüstəm İbrahimbəyovun kim olmasını,bu yazıdan sonra biliblər. Məsələn,"Yazıçı, dramaturq, ssenarist, rejissor və produsser" bu cümlədə biliblər.

    ОтветитьУдалить