Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 18 августа 2012 г.

Boş təşəbbüslər

İctimai sektor deyilən anlayışın 2009-ci ilin aprelindən var olduğunu saymaq olar. Bura təkcə QHT-lər yox, gənclər hərəkatı, siyasi partiya üzvü gənclik, hüquq müdafiəçiləri, jurnalistlər daxil etmək olar. Bir sözlə demokratik dəyişiklik tərəfində olan və qarşılıqlı münasibəti olan hər kəsi. Təşkilat sədrindən fotoqrafınacan.

Bəs niyə 4 il fəaliyyəti olan orqanizm ölkədə hələ də demokratik dəyişikliyə nail ola bilməyib?

İnqilabdan öncəki Gürcüstan, Misir, Tunis də hiss edilmir. Problem çoxdur. Vaxtlı vaxtında üzə vuracağıq. Problemlərdən biri də boş təşəbbüslərdir.

Bir zamanlar siyasi partiyaların "NATO üzvü olaq ya olmayaq" kimi boş müzakirələrini indi gənclərin boş təşəbbüsləri (kampaniyaları, müraciətləri və s.) əvəz edib. Hansılar ki, bir həftə köpüb qalan, sonra qazı boşalan şara oxşayır. Bəzən daha qısa müddətə.

İctimai sektor üçün klassik sayılan təşəbbüslərdən biri prezidentə məktub, imza toplanması kampaniyası idi. Avtoritarizmin gerçək mahiyyətini bilən adam üçün bu Təpəgözdən "məni yemə" xahişi ilə eyni məzmunda bir şeydir. Vaxtilə Emin və Adnanın həbsi zamanı Bəxtiyar Hacıyev onların azad edilməsi üçün prezidentə məktub kampaniyasına başlamışdı. Xatirimdə deyil, Hacıyevin həbsdə olduğu müddətdə kimsə onun üçün belə bir absurd təşəbbüsə başladı, ya yox. Amma ortaya bir fakt çıxdı. İlham Əliyev nəinki, minlərlə məktub, heç Klinton zad da hərləmir. Emin və Adnanı öz istədiyi vaxtda - parlament seçkisindən düz bir həftə sonra buraxdı.

Eynilə dindarların "Hicab üçün 100 min imza" kampaniyasını göstərmək olar. Reallıq odur ki, Əliyev təşəbbüs hərləmir. O, yalnız iki şeyin qarşısında geri addım atır. Bir: insan selini qarşısında görəndə; iki: sərt sanksiylar təhlükəsi qapısını döyəndə.

Bir neçə ay əvvəl ictimai sektor Rəsulzadəyə Tiflisdə abidə qoyulması xahişi ilə Saakaşviliyə məktub ünvanlamışdı. Bekara bir şey olsa da, "bəlkə alındı?" - deyə gözləməyi tərcih etdim. Dərindən fikirləşəndə baxırsan ki, Saakaşvili ağıllı adamdır ki, belə avantüraya reaksiya verməyib. Qoyduracağı o mərmər bütün hesabına azı 5 gürcü gəncini xaricdə oxutdurub, adam edə bilər. Yox burdan pul yığıb göndərəcəkdinizsə, bu başqa məsələ. Cavab verməsəydi, "Saakaşvili sən də kişi çıxmadın" - deməyə haqqınız olardı.

Bir ara Tiflisdə Heydər Əliyev büstü qarşısında çəkdirilmiş foto facebook səhifələrində geniş yayılmışdı. Elə bu ictimai sektorun iki nümayəndəsi dolamaq məqsədilə büstün qarşısında səcdəyə gedib, göyə əl açmışdılar. Sabah hansısa yapçı, irəliçi gedib eyni hərəkəti Rəsulzadənin abidəsi qarşısında etsə nə edəcəksiz? Uzağı söyəcəksiz. Bax, o zaman həmin qaqaşlar çöp əvəzinə gözünüzdəki tiri sizə göstərəcəklər. Yox, qardaş belə getməz. Siz öncə kitabxanalarda toz basmış Rəsulzadənin əsərlərini oxumaqdan başlayın.


Təşəbbüslər var ki, oxuyanda fikirləşirsən, adamlar nə içib, nə çəkib, bunu yazıblar. Məsələn, "Çovdar qızıl yatağı ilə bağlı prezidentə müraciət". Müraciətdə korrupsiya faktının icraçılarının, konkret İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların hüquqi məsuliyyətə cəlb olunması tələb olunur. Yəni, İlham götür öz əlinlə doğma qızlarını bas türməyə. :-)

Etibarlı mənbənin yazdığına görə, İlham Əliyev bu müraciətdən bərk təşvişə düşüb. Gizli, növbədənkənar iclas çağırıb. Üz tutub deyib: "Ramiz qaqa, tədbir gör. Oğlanlar Gəlirik! deyə nərə çəkirlər. Birdən baxmadılar heç nəyə, kabinetiməcən gəldilər". Dünyagörmüş vəzir qayıdıb ki, "Qədeş, sən rahat ol. Əvvəlki təşəbbüslərdən nə çıxıb ki, bundan da nə çıxsın. Lap gələrlər, söhbətin sonuna qoyduqları çubuğu tərs çevirib salarıq uyğun yerlərinə".

Bəli, böyükləri İlham Əliyevə istefa limiti ilə bağlı ultimatum göndərir, kiçikləri "qızlarını xəbs elə" deyir. Daşkəsəndəki qızıl yataqları mövzu olmuşkən, bəlkə bununla bağlı bir müraciət də İsa Qəmbərə ünvanlayasız. Keçən il baharda elə o tərəfdə xidmət edən, sonra təxris olunan oğlu ilə bağlı. Bircə sual yetər: "Bəy o siyasi gəlhagəldə nə baş verdi ki, vəziyyət belə dəyişdi?"

İctimai sektor vətənşüvən təşəbbüslərdən də xali deyil. Bir də baxdın, hansısa şəhid əsgərə "Milli qəhrəman" adı verilməsini tələb edirlər. Bu təşəbbüs sahibinin yanında Qənirəyə dincəlmək qalır. Əvvəlcə gedin araşdırın "Milli qəhrəman" adını hansı şücaətlərə görə verirlər. 1992-ci ilin martından 1994-cü ilin mayınadək ağır döyüşlər aparan Daxili Qoşunların 9, Sərhəd Qoşunlarının cəmi 1 "Milli qəhrəman"ı var.

Belə baxsan, müharibə dövründə Mübariz İbrahimova bu adı verməzdilər. Onun göstərdiyi şücaət yüzlərlə oğlan üçün adi qayda sayılırdı. Sadəcə parlament seçkisi qabağı əhalinin diqqətinin siyasətdən yayındırmağa ehtiyac vardı. Əsgər olub ki, Qarabağ müharibəsində bir hücumda pulemyotla 50-dən çox erməni məhv edib, şəhid olub. Cəsədini yerdən, əlini pulemyot dəstəyindən ayıra bilməyiblər. Yəni o cür inad. Ölümündən sonra orden verməklə kifayətləniblər.

İndi yapçılar kimi soruşacaqsınız ki, "pisi görürsən, bəs yaxşını niyə görmürsən?" Təbii, uğurlu təşəbbüslər də var. Siyasi gənclər təşkilatlarının öz daxilində kitabxanalar yaratması kimi. Heç bir ciddi maliyyə olmadan, fərdi qaydada hədiyyə kimi verilən kitablardan kitabxana formalaşdırılır. Həm maarifləndirmə kollektiv şəkildə aparılır, həm də külli miqdarda pula ehtiyac qalmır.

Faydalı təşəbbüs o sayılır ki, başqları onu mənimsəyir, özləri sahiblənib inkişaf etdirələr. Və sənin təkrar-təkrar təşəbbüs irəli sürmənə ehtiyac qalmaz. Yoxsa havaya tüpürən ancaq öz başını isladar. Başqalarının enerjisini xərcləyərkən bir düşünün. 20 il enerjimiz müzakirə bataqlığına getdi. Öz cavanlığınız getməsin.

Комментариев нет:

Отправка комментария