Başlanğıc...

Paz-zollayaninin köşəsi

понедельник, 13 августа 2012 г.

Sevinəkmi, sevinməyəkmi?

Olimpiada boyu bir polemika dildən düşmür. Qazanılan medallara sevinəkmi, sevinməyəkmi? Vətənşüvənlərin yaxud ölkəsinin siyasi həyatı ilə qətiyyən maraqlanmayanların mövqeyi belədir ki, istənilən qələbəyə sevinməliyik. Lap ekranın küncündə Azərbaycan bayrağının görünməsinə də. Əks tərəf, xüsusilə köşə yazarları düşünür ki, korrupsiya pullarına qazanılan qələbəyə sevinmək lazım deyil.

Bir də ortada "nə şiş yansın, nə kabab" mövqeyi var ki, sevinəndə oliqarxların məğlubiyyətinə sevinməli, üzüləndə idmançıların məğlubiyyətinə üzülməliyik. Təbii qələbəsinə də sevinməliyik.

Olimpiadadan öncə bənzər polemika Heydər Əliyev Kompleksinin (Baş məbəd də demək olar) yanması zamanı baş vermişdi. O zaman sevinənlər üzülənlərdən qat-qat çox idi. Səbəb aydın idi. Xalq özünün sahib olmadığı heç nəyin məhv olmasına üzülməz. Hələ bu tikilən bütxana onun dağıdılan evləri, bağlanan iş yerləri hesabına tikilibsə, heç kefini pozmaz. Cibinə bir qəpik pul gətirməyəcəksə, milyardların yanmasına da uff deməz.

Vüsalə Mahirqızının "niyə sevinirsiz?" idiotizmi ilə əksəriyyətin üzərinə gəlməsi də bir fayda etmədi. İmkanları olsa insanların hislərini də monopoliyaya alarlar. Necə ki, tarixdə bezmiş xalq üsyanı qalxan zaman ilk viran edilən Baş Məbədlər olub Heydər Əliyev Kompleksinin yanmasından yaranan sevinc o sevinc idi.

Bəs Olimpiada qələbəsinə niyə tam sevinə bilmirik? Çünki illərlə xalqın olan hər şey onun yox, konkret şəxslərin adına çıxarılıb. Maddi tərəf bir yana, xalq mənən cılız, əzilmiş məxluqa çevrilib. Korrupsiya pullarına sevinməməliyik arqumentinə qarşı deyə bilərəm ki, o pullar son qəpiyincən bizim haqqımızdır. İlham Əliyevin, kəmaləddinlərin, ziyaların yox, məhz bizim - xalqın. Düzdür, o pulları bugün zorla, istəyimiz olmadan əlimizdən alırlar. Amma sabah demokratik quruluş bərpa olunanda o pulu öz əlimizlə aparıb idmançılarımıza verəcəyik.

Sevinib, sevinməmək hissi ancaq emosional hadisədir. Emosionallıqla siyasət ölçülməz. Siyasi qərarlar alınmaz. Topazda stavka qoyub beş-on manat qazanan gənc üçün hər gün idman sevincidir. Övladına axşam yeməyyə çörək ala bilməyən atanı isə 10 qızıl medal da sevindirə bilməz.

İdmançılardan nə tələb etməliyik? Sözsüz ki, qələbə. Uğursuz çıxış etdikdə belə, "sən bizim pulumuza ora gedib çıxmısan!" - deyə hesab soruşmalıyıq. Necə ki, amerikan vətəndaşı soruşur. Düzdür, amerikanın hər sentinin heabı verilir. Amma bizi hesab soruşmaqdan heç kəs məhrum edə bilməz. Hətta indidən başlayaraq Olimpiada çempionu olmuş güləşçilərimizi 4 il təzyiqdə saxlamalıyıq ki, sabah Elnur Məmmədli kimi yerlərdə sürünməsinlər.

Qızıl aldığımız gecə belə bir status yazmışdım: "İki qızıl medal aldıq. Qaldı o qızılları İlham Əliyevin əlindən almaq". Xərclənən hər qəpiyin, verilən hər mükaftın vətəndaşın öz qazancı olduğuna inandırmalıyıq. Köşə yazarının da,  siyasətçinin də təbliğat hədəfi bu olmalıdır.

Belə baxanda vəziyyət elə də ağır deyil. Məsələn Leyla Əliyeva facebook səhifəsində yazdığı statusda atasını yox, Azərbaycanı qələbə münasibətilə təbrik edir. Rejim xaricə səfər edəndə Heydər Əliyev xidmətlərindən yox, Cumhuriyyət dəyərlərindən danışır. Sadə vətəndaşın etməli olduğunu edirlər.

Bəs biz kimin əlində qalmışıq? Telekanallara öyrədilib çıxarlmış bir dəstə yaltağın. Qələbəyə tam sevinə bilməməyimizin də, küskünlüyümüzün mənbəyi də o yaltaqlıq görüntüləridir. Sabah AZTV-də əlahəzrətə minnətdarlıq edən "paytaxt sakini"ni eşidən vətəndaşımız "İlham kimdir?! O idmançı mənim puluma Olimpiya çempionu olub" deyəcəksə, bilin ki, biz tam və qəti qələbə çalmışıq.


Комментариев нет:

Отправить комментарий