Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 14 августа 2012 г.

Müxalif qənirələr


Facebook bir neçə gündür Qənirə Paşayevanın Somaliyə yardımsevərlik səfərini müzakirə edir. Somali səfərində Qənirəni dolayanlar ona uğur ilahəsi kimi baxanlardan qat-qat çox oldu. Bütün bu məzhəkəni izləyib "Axır ki, bu saxta vətənpərvərin maskası yırtıldı" - dedim. Əvvəllər Qənirəyə şəkk gətirməyə cəsarət edənlər çətin tapılırdı. Necə olmasa da, Qarabağ, "erməni genosidi", türk dünyası mövzuları tabudur. Hər oğulun işi deyil, qalxıb ifşa etsin və minlərlə adamı öz düşməninə çevirsin.

Amma sən saydığını say, gör zaman nə sayır. Sevgidən nifrətə bir addım olduğu kimi Qənirədən qənirələrə çevrilmək bir günün işi imiş. Qənirəyə lağ edənlər bir gecəyə qənirəkimilər fəsiləsinə necə çevrildisə, Darvinin ağzı açıq qalardı. 2 gün öncə İranda güclü zəlzələ oldu. Təbriz ətrafında kəndlər dağıldı. Bir neçə min adam həlak oldu. İnternet qiyaməti də bundan sonra start götürdü. Ən əcaibi isə bu gənclərin Qənirəni saxta vətənpərvərlikdə ittiham edən müxaliflərdən ibarət olması idi. Çarələri olsaydı, "Güney, Güney" deyə saçlarını başlarını yolub, videosunu youtube-a qoyardılar.

İnsalarımızın daxilində nə qədər sado-mazoxistlik ehtirası yatarmış ki, bədəni beton altında qalmış uşağın, üst-üstə qalanmış körpə meyitlərin fotosunu durmadan paylaşsınlar. Gedib o uşaqları qazıb çıxarmaq imkanınız yoxdursa, bari fotolarını yayıb camaatın psixikası ilə oynamayın. Adam da vəhşətdən bu dərəcə siyasi kayf tutmaz. Bəlkə rüşvət qanımıza işləməyib, ancaq Kərbala müsibəti genetik kodumuzacan girib. Meydandan döyülən insanların videosunu, canı çıxmış uşaqların fotosunu paylaşmaq insanlarımızın orqazm mənbəyidir. Mən isə bunlardan sadəcə iyrənirəm.

Foto yalan olardı, əgər Qənirənin "Somaliyə yardımsevərlik kampaniyası" müxalif düşərgədə təkrarlanmasaydı. Bura təkcə siyasilər yox, gənc aktivistlər, qlamur jurnalistlər də daxildir. Adamların içində bir-iki varlı biznesmen olsaydı, deyərdim nə isə. Zəkat əvəzinə yardım edir. Çayxanada oturub 2 manatlıq çayın pulunu kim verəcək deyə bir-birinin üzünə baxan gənclərin özünü cırmasını ancaq ironiya hissi ilə izləmək olar. Pul yox, iş yox. Bir-birinə kömək etmək, iş yeri tapmaq üçün şəbəkə qurmaq 0. Halbuki partiya üzvlərindən fərqli olaraq, sələfilər, nurçular bu şəbəkələşməni çox uğurla tətbiq edirlər.

Söhbət maddiyatdırsa, istədin istəmədin ayağını yorğanına görə uzatmalısan. Başından ki, hündürə tullana bilməyəcəksən. Deyək ki, ictimai sektor yardım üçün uzağı 4-5 min manat pul topladı. O pul hara gedəcək? Hesaba köçürüldüyü halda hansısa lotu mollanın qarnına. Əllə aparılıb veriləcəksə, hansısa "moşennik" demokrat qabağa düşüb yollanacaq İrana. Şəkil çəkdirib, bir-iki ağlamalı status yazıb, kefin çəkib gələcək. Azmı olub belə hadisə.

İnterneti başına götürmüş bir başqa şüvənlik "fars şovinizmi" iddiası idi. Guya milli ayrıseçkilik üzündən İran telekanalları zəlzələyə diqqət göstərmir. 2009-cu il Bənənyar kəndi hadisəsi yadınıza gəlir? Hakimiyyət qoşun yeridib məhərrəmlik mərasimini qeyd edən Naxçıvan əhalisini qanına qəltan etmişdi. Həmin gün axşam saatlarında ANS-də Bənənyar əvəzinə Dağıstanda baş verən terrakt göstərilirdi. Nə oldu, indi ANS verilişə çağıranda atdana-atdana gedirsizki.

Məsələ şovinizmdə deyil, avtoritar idarəçilikdədir. Belə fəlakətlər hər zaman avtoritar rejimlər üçün qorxu mənbəyidir. Çünki narazı insanların hiddətlənib üsyana qalxacağı ehtimalı var. Bu yaxınlarda Krasnodarda bəndin partlaması nəticəsində daşqın altın qalan insanlar və Rusiya hökümətinin passiv reaksiyası buna sübutdur.

Gənc yazar Dilqəm Əhmədin bir statusuna rast gəldim: "Təbrizlə danışdıq, olan yenə kasıblara olub. Zəngin azərbaycanlıların evləri möhkəm olduğundan salamatçılıqdır..." Al sənə fars şovinizmi :)) Gördüyünüz kimi problemin kökü hər hansısa millətçilikdə yox, qlobal bəlada - yoxsulluqdadır. Palçıqdan ev tikən ölkələrin sakinləri ən kiçik zəlzələdə belə böyük itkilər verməyə məhkumdur.

Bəs haradan çıxdı bu iddia? Siyasətə siyasi lider olmaq iddiası ilə gələn, ancaq bir siyasi kitab açıb oxumağa tənbəllik edən adamların bu ağılda olmasına təəccüblənməyin, təəccüblənməyə dəyməz. Garagüruh hər zaman öz sözünü deyəcək.

Yardım kampaniyasının şok xəbəri jurnalist Xədicə İsmayılın bu kampaniyaya başçılıq etməsi oldu. Nəhayət ki, müxalifət öz Qənirəsini tapdı. Bu o adam idi ki, Səbail rayon məhəkəməsinin qarşısına bir dəfə belə gəlmək istəməmişdi. "Niyə 2 aprel məhbuslarının məhkəməsinə gəlmirsiz?" sualına "Mən müxalifətdən enerji almıram" - deyə cavab vermişdi. İranda baş verən zəlzələ o qədər güclü olub ki, Xədicəyə bir atom reaktorunun "zaryadka"sını verib. Hadi Xədicə, koş Təbrizə! Qənirə səni gözləyir. Bəlkə ondan tez çatdın ora.

20 il əvvəl Elçibəy "Qarabağın yolu Təbrizdən keçir" deyib bir səhv elədi. 20 ildir bu səhv təkrarlanır. O zaman bir ağıllı adam durub demədi ki, "A bəy, Təbrizi almaq istəyən oğlanın gərək Xankəndini azad edə biləcək qədər qabiliyyəti olsun. Bizi uçuruma aparma". İlham Əliyevin tez-tez lağa qoyulan bir cümləsi var: "Azərbaycan uçurumun bir addımlığında idi. Heydər Əliyev gəldi və irəliyə bir addım atdı". Heydər Əliyev gəldi, amma o addımı Azərbaycan xalqının və siyasi avantüristlərin dalına atdı. Müharibə dövründə alınan bütün qərarlar mənəviyyat və "kişilik söhbəti"nə görə verilirdi. Elə indi verilən bəyanatlar eyni bulaqdan gəlir. Nəticədə it də getdi, ip də. Hakimiyyət də itirildi, Qarabağ da qayıtmadı.

20 ildir ki, uçurumun dibindəyik. Hələ də ağ günə çıxa bilmirik. Nəyə görə? Çünki bir əldə iki-üç, bəzən beş-altı qarpız tutmağa vərdiş etmişik. Adını da mənəvi borc, bəy mirası, mənəvi haqq qoymuşuq. Bugün Qarabağı qapazlamış erməninin Cavaxetiyaya iddia etməsi qanunauyğun haldır. Ay bədbəxtlər, siz nəyi qoyub, nəyi axtarırsız? Qarabağı qaytarmayıb Təbrizə iddia etmək, çay pulunu verməyə pul tapmayıb, yardım kampaniyası təşkil etmək avantüradır. Davamlı olsa, axmaqlıqdır.

Kampaniya keçirisinizsə, Kəmaləddini, Ziyanı "Divara dirəmə" kampaniyası keçirin. Bananın, narkotik satışından gələn pulun yüzdə birini ora ayırsınlar. Yoxsa ac-yalavac nə düşmüsüz ortalığa. Ən gülməlisi isə dünən Batumidə bikinidə, plavkidə poz verən aktivistlərin bugün başına çarşab bağlayıb İrana getmək istəyidir. Bala, Qənirəni doladız bəsdir, indi gedin özünüzü dolayın!

P.S. Qənirə haqqında yazım bu yazının yerinə yazılmalı idi. Amma müxaliflər qabağa düşdü. Yazmamaq günah olardı.

Комментариев нет:

Отправка комментария