Çoxdandır
belə xoş xəbər almamışdım. Avropa Parlamenti və ATƏT PA prezident
seçkisinə müşahidəçi göndərməyəcək.
Bu xəbərdə xoş olan nədir deyə bilərsiniz. Cavab: HƏQİQƏT!
O həqiqət
ki, illərdir demokratik düşərgə görməzdən gəlirdi. O həqiqət ki, yalana çevirib
özlərini inandırmışdılar. Camaat arasında axmaq görünməkdən qorxduqları üçün yalanı
insanlara da sırımışdılar. Qəzetlərində avrointeqrasiya, NATO-a girmək, ABŞ-a
kölə sadaqətli inam başlıca mövzu idi. Əks konteksdə məqalə düşməncə
qarşılanırdı. Səsləndirən adam belə rejimin agenti sayılırdı.
Demokratların
başı daşdan-daşa az dəyməyib. Ancaq baş da artıq kötüyə çevrilib. Ağrı hiss
etmir. Nə 2003 16 oktyabrdan sonra, nə 2005 26 noyabr, nə də 2010 parlament
seçkisindən sonra. Halbuki o baş ilk qapazdan ağıllanmalıydı. Deyərdim ki, Qərbin
Azərbaycanda QHT-lər yaratmağa başladığı ilk gündən.
Bu
vaxtacan Qərb diplomatik yolla başa salırdı ki, qardaş siz mənə lazım deyilsiz.
Mənə alver etmək üçün avtoritar rejim lazımdır. Milli marağa zidd istənilən
müqaviləyə imza atsın deyə. Mənə kölə xalq lazımdır. Talayanda etiraz etməsin
deyə. Mənə cinayətkarlardan ibarət sistem lazımdır. Oğurladıqlarını Avropaya
kapital kimi axıtsın. Çox başa saldılar, qanmadılar. Axırda özləri də dözmədilər.
Açıq şəkildə dedilər: "O,İlham, o siz. Bacarırsız alın qarşısını
saxtakarlığın. Sizi də aldatmaqdan bezmişik. Sadə vətəndaşları başa düşdük.
Siyasətçi ki, bu qədər avam olmaz".
2013 prezident
seçkisi ilk nümunə deyil. Yadınıza gələr 2010 parlament seçkiləri ərəfəsində ABŞ
Azərbaycana səfir göndərmədi. Hardasa il yarımdan çox ölkə səfirsiz qaldı. Elə
ki, bütün saxtakarlıqlar tamamlandı, Milli Məclis müxalifətdən təmizləndi, səfir
də məlum oldu. ATƏT o seçkidə hədəf seçki dairələrinə gəlmədi.
Bəs
müxalifət mətbuatı nə etdi? Redaktor-politoloqlar səfir göndərilməməsini ABŞ-ın
İlham Əliyevə təzyiqi kimi şərh etdilər. İlin əvvəli "Washington
Post"da çıxan Dubay villaları məqaləsi ilə başlarını aldata bildilər. Elə
o zaman "Beyinlərə atılan bomba" adlı məqaləmdə yazmışdım ki, bu əhalinin
əks-reaksiyasını öyrənmək üçün keçirilmiş eksperimentdir. Bənzər eksperiment
Gürcüstanda da keçirilmişdi. Hər hansı siyasi təzyiqdən söz gedə bilməzdi. Ancaq nəticə çıxarmaq əvəzinə qəzet
manşetlərində "ABŞ Azərbaycanda inqilab qərarı verdi" başlıqlı məqalələr
getdi. Hələ də bənzər açıqlama və məqalələrə rast gəlinir.
Birdəfəlik
başa düşün ki, Azərbaycanda avtoritarizm İlham Əliyevin qəddarlığının nəticəsi
deyil. Qərbin uzaqmənzilli planlı siyasətidir. Qrantla yüklənmiş
saysız-hesabsız QHT-lər yaratamaqla 15 il içində ən yaxşı siyasətçilərinizi
partiyalarınızdan qoparan Qərb idi. Polisə müxalifətçini bir gün öncə evindən
oğurlamağı öyrədən, dezinformasiya yaymaq üzrə təlim keçən də ATƏT idi. Hal-hazırda internetin
izlənməsi, aksiyaların dağıdılması üçün ən müasir texnologiyaları satan da Qərbdir.
Ey
binəvalar, birdəfəlik analayın ki, qlobalizmin düşmənləri diktaturalar deyil.
Milli özünüdərkə malik azad dövlətlərdir. Mübarək, Ben Ali, Qəddafinin 40 illik azğınlığına göz yuman da eyni qüvvə
idi. Gürcüstanda Saarkaşvilini dəyişən Rusiya deyildi. Qərb idi. Səbəbi? 2008 xəyanətindən
sonra oriyentasiyasını Qərb deyil, Türkiyə və milli iradə üzərində quran
Saarkaşvili vardı. İsrail pilotsuz təyyarə xəyanətindən sonra milli istehsal pilotsuz
təyyarələr, raket qurğuları sınaqdan keçirən Saarkaşvili vardı. Korrupsiyada
şantaj edilərək xaricdən siyasi təzyiqlə ələ alınacaq siyasətçiləri olmayan
Gürcüstan vardı. Yoxsa Rusiyadakı biznesi ilə çoxdan sağollaşmış, Fransa
pasportu daşıyan İvanişvili təcili Gürcüstan siyasətinə niyə gətirilirdiki?
Gürcüstan
yenə köhnə zamanlarına qaytarılır, yenə cılızlaşdırılır. Payızda isə yekun zərbə endiriləcək. Mürsiyə
endirilən kimi. Avropanın bizlərə avtoritarizmin ən böyük dayağı olmasını anlatması
üçün tək yolu qalmışdı. Demokratik düşərgənin üzünə tüpürmək. Yaxşı ki, vəziyyət
bu yerə gəlmədi.
Düzdür,
bəziləri hələ də özünü inandırmağa çalışır ki, Azərbaycan iqtidarının kürüsü
dadlı gəldi. Qardaşımsız, özünüzü gic yerinə qoymayın. Rusiyanın Xəzər, Oxot dənizi,
Volqa, Yenisey çayı qara, qırmızı kürü qaynayır. Bizimkilər banka-banka versələr,
Putin tonla verə bilər. İlham Əliyevə "Maqnitski siyahısı"nın
bir bəndi boyda rəsmi sanksiya tətbiq olunubmu?
Nə isə.
Mənim işim yazmaqdır. Kimisə ağıllandırmaq ümidində deyiləm. Çünki kötükləşmiş
başlardan ancaq danq səsi çıxar. Good bye, Avropa!

Комментариев нет:
Отправить комментарий