İki həftədir Türkiyənin gündəmini zəbt edən
məsələ AKP və Fətullah Gülen Cemaatının arasının dəyməsidir. AKP Cemaat
hazırlıq kurslarını bağlamaqda qərarlıdır. Bu iki qüvvəni siam əkizi sayan, həttə
Erdoğanı Fətullahın oyuncağı sayanlar sual qarşısındadır. Nə baş verir?
Erdoğanı tanımayanlar hələ də anlamayıblar
ki, qarşılarında makiavelizm düşüncəsinin ən böyük ustadlarından biri dayanıb.
İfrat ideologiyalaşmış Türkiyədə, bazar təfəkkürlü Əliyevlərin, avantürist
Elçibəyin nümunəsində yetişmiş bizimkilərin bu insanı dərk etməsi qəliz məsələdir.
Ona ya pərəstiş edə bilərlər, ya da nifrət.
Erdoğanı bir cəhətinə görə çox bəyənirəm. O,
onun haqda fantaziyalar uydurmuş və buna özünə inandırmış rəqiblərinin
iddialarını siyasi gedişləri ilə darmadağın etməyi bacarır. Erdoğan Türkiyəni şəriət
dövlətinə çevirir dedilər, güldüm keçdim. Gezi hadisələrində Erdoğan bitti
dedilər, o mənim tanıdığım Erdoğandırsa o hippi yığınını zibil kimi süpürüb
atar dedim.
10 ildir AKP hakimiyyətdədir. Ortada nə şəriət
dövləti var, nə də kiminsə başına zorla çadra keçiriblər. Gezi "qəhrəmanları"nın
mübarizəsi isə parka girib ayaqlarını aralayaraq kitab oxuyanda bitmişdi. İndi
Erdoğan haqqında uyduralan son mif dağılır. Erdoğanın Amerikada oturan Gülən
hoca tərəfindən kukla kimi idarə olunması mifi.
Siyasətdə nə dostlar vardır, nə düşmən. Müttəfiqlər,
rəqiblər, alətlər vardır. İlk ikisi hər an yerini dəyişə bilər. Üçüncülər alət
olaraq qalacaqdır. Özlərini oyunçu saysalar da. Siyasətçi üçün nə yaxşılar
vardır, nə pislər. Uyğun olanlar və uyğun olmayanlar vardır. Bu həqiqəti özüm
üçün yəqin edəndə 17 yaşım vardı. Hakimiyyətə gəldiyi gündən Erdoğanda bu
parametrləri görmüşəm. CHP ona şərqli imam dedi, o getdi Avropa Birliyinin
qapısını döydü.
Cemaat qarşıdurmasına gəlincə. Bir qism
deyir ki, bu oyundur. Mətbuatla oyunu Azərbaycanda oynayırlar. Hər hansı qəzet
redaksiyasına Prezident Aparatından məlumat gəlir. Elə-belə mırta. Səhəri gün
bu xəbəri "Hakimiyyətin ŞOK planı" başlığı ilə manşet atırlar. Təbii
redaksiyalarda məlumatın reallıqla nə dərəcə uyğunlaşdığını təhlil edən beyinlər
olmadığından cəzbedici gələn hər şey qəzetə çıxır. Azərbaycan mətbuatında təhlil
yazılarının yoxluğu vəziyyəti açır. Əvəzində "Eşq olsun bəy!" tipində
yazılar itətökdür. Məsələn Mehriban Əliyevanın seçkidə namizəd olacağı barədə
müxalifət mətbuatına xeyli dezinformasiya buraxıb yaxşıca doladılar. Mətbuatdan
qidalanan siyasətçiləri həmçinin. Belə baxanda yaxşı da etdilər. Başının içindəki
tərpətmək istəməyənin başını daşa vura-vura tərpədərlər.
AKP-Cemaat fikir ayrılığı çoxdan vardı.
"Mavi Mərmərə" hadisəsi zamanı bütün Türkiyə İsrailə qarşı olarkən Fətullah
Gülen adamlarına "bu müzakirələr İsrailinin nüfuzunu sarsıdır" mesajı
göndərmişdi. Cemaat səsini kəsmişdi. Bir qazanda iki qoçun başı qaynamadığı
kimi iki tərs fikrə sahib qüvvə Türkiyəyə birgə hakim ola bilməz.
İkinci ciddi faktor ordu maneəsinin
qaldırılmasıdır. Ordunun zəiflədilməsinin ən böyük tərəfdarı Gülen Cemaatı idi.
TSK bütün dövrlərdə siyasi hakimiyyətlərin mövcudiyyatı üçün təhlükə olduğundan
Domokl qılıncı AKP-nin də başı üstünü kəsmişdi. Burda dini yox, siyasi hakimiyyətin
mütləqliyi faktoru marağı vardı. Erdoğan kütlə psixologiyasının və natiqliyin
ustadıdır. Türkiyə və Avropada ona rəqib yoxdur. Ancaq səs toplayıb nə qədər
iqtidar olursan ol, bir gün xuntanın sən devirəcəyi reallıq olaraq qalırdı.
Generallara hökm oxunandan sonra barıt
tüstüsü çəkildi. Ortada tərs düşən həqiqətlər qaldı. Məsələn Gezi hadisələrində
Fətullah Gülenin Erdoğanı tənqid etməsi, Cemaatın narazılığı. Elçibəydən fərqli
olaraq heç bir düşməninin yekəbaşlığını cəzasız qoymayan birisi kimi Erdoğan Fətullaha
da yerini göstərməli idi.
Cemaat AKP üçün ordu qədər təhlükəlidir.
Ordu siyasəti silah gücünə dəyişə bilirdisə, Cemaat nəhəng biznes şəbəkəsi və
beynəlxalq əlaqələri hesabına hökümətləri yerindən oynada bilər. Mətbuat,
polis, sadiq intellektual təbəqə nəzərə alınarsa, Erdoğan yetərincə böyük güclə
qarşı-qarşıyadır.
Sual oluna bilər ki, niyə Azərbaycan
hakimiyyəti kimi bunların başbilənlərini tutub içəri basmır? Bunu etsəydi o,
Erdoğan olmazdı. Bütün dünyaya özünü rüsvay edən axmaq olardı. Ordunun hərəkət
qüvvəsi avtoritetli paşalar idisə, Cemaatın gücü biznes şəbəkəsindədir. Gəlir mənbələri
vurulduqca, mənfəəti yoxa çıxan insanlar da bir-bir şəbəkədən ayrılacaq. Azərbaycanlılar
deyil ki, 20 il acqarına müxalifətçiliyi labüd saysınlar. Kənara çəkiləni də
satqın elan etsinlər.
Hazırlıq kursları böyük xərc istəməyən gəlirli
sahələrdən biridir. Üstəlik intellektual təbəqəni əldə tutmağa, o kurslardan
keçən əks-fikirli gəncləri belə loyallaşdırmağa kömək edir. İnsani münasibət və
keyfiyyətli tədris kifayət edir. AKP kursları bağlamaqda qərarlıdır. Məqsəddən
hər hansı sürüşmə olsaydı, Fətullah Gülen CHP-ə demədiyi qarğışları Erdoğana
etməzdi.
Gülen biznes imperiyasının məhv edilməsində
kurslar son hədəf olmayacaq. Təhlükə sonadək zərərsizləşdirilənədək mübarizə
davam edəcək. Hakimiyyəti məqsəd görən siyasətçi heç bir üst avtoritet
tanımamalıdır. Gülen yox, Roma papası olsa belə.
Erdoğanın Amerikan siyasətinin maşası
olmasını deyən CHP tərəfdarları isə özlərini tanımır. Türkiyənin NATO və Marşal
planına qoşulması İsmet İnönü dönəmində başlayıb. Erdoğanacan başa keçmiş heç
bir hökümət NATO-dan çıxmaq qərarı verməyib. ABŞ dünyanın inkar edilməz super
gücüdür. Siyasətdə qartaldan yüksəyə uçmaq istəyən sərçə onun qanadı altında
gizlənib havaya qalxmalıdır. XVI əsrin super dövləti Osmanlı imperiyası idi.
Fransa tək müttəfiqi. Osmanlı padşahlarının təsiri o qədər böyük idi ki, bir məktubla
kral sarayında keçirilən rəqsləri ləğv edə bilərdilər. Osmanlı ilə müttəfiqlikdən
qazanan Fransa oldu. Dənizdə İspaniya, quruda Avstriya təhlükəsi dəf edildi. XVII
əsrdə dünyanın super dövləti artıq Fransa idi. Nə quruda, nə dənizdə ona qalib
gələcək rəqib qalmamışdı.
Hərdən Erdoğan haqda videolar çıxır. 5 il
qabaq bunu demişdi, indi bunu deyir. Guya bununla kimisə utandırmaq olar. Lenin
"Aprel tezisləri" ilə 180 dərəcə dönərək inqilabı qazandı. Erdoğan isə
Türk insanını qazanmağı bacarır. Hətta gülməli görünəcək qız və oğlanların birgə
kirayə ev tutmaması qərarı şəriətin yox, türk insanının şüuraltısına işləyəcək
tələbdir. Siyasətdə kiçik dövlət olan ailələri hədəf aldınsa, böyük dövlət də sənindir.
Makiavelizm nədir? deyə Azərbaycan siyasətçilərindən
soruşsaz tək cavab eşidərsiz - əxlaqsızlıq. Məsələdən agah birisizsə doyunca
gülərsiniz. Elçibəy və sonrakı dövrün müxalifət siyasətçilərinin uğursuzluğuna səbəb
onların siyasətçi olub-olmamasında deyil. Mənəviyyatın əsiri olmalarındadır.
Bir zamanlar uydurduqları və özlərini
inandırdıqları arqumentlərin əsiridirlər. Tayfabazlığı açıq şəkildə üzə
vurmamağın əsiridirlər. Amerikanı tənqid edə bilməməyin əsiridirlər. Özlərini qəbpərəst
saymalarının əsiridirlər. Kiminsə kənara sapmasını görüb xətrinə dəyməsin deyə
vaxtında rədd eləyə bilməməyin əsiridirlər. Siyahını çox uzatmaq olar. Amma
özünü keçmişə mənən bağlı sayandan qalib siyasətçi olmaz.
Hələ də Erdoğan niyə İlham Əliyevi təbrik
etdi deyə sərsəm suallar verməyin. Təbriki 1 ay gözlədərək özünü müxalif mətbuatda
xeyli təriflədən, sonra təbrik məktubu ilə elə həmin mətbuata tərs şapalaq
endirən Obamadan daha üstün insandır. Erdoğandan ancaq siyasət öyrənmək olar.
Siyasi hakimiyyəti gətirib hədiyyə verəcəyini gözləmək yox. Öyrənin!


Комментариев нет:
Отправить комментарий