Son aylar mətbuatda siyasi təhlillərinə
baxsaq ancaq "Rusiyada faşizm baş qaldırır" tipli şərhlərə rast gəlmək
olar. Vəziyyət həqiqətən belədirmi? Nə üçün Manejni, Brilyovo kimi etnik qarşıdurma
mərkəzləri məhz Moskvada müşahidə olunur? Rusiyanın yaşamalı yerlərindən olan
Krasnodar (Soçi) kiçik istisna. Bəs nə baş verir?
Siyasi qərar olmadan baş verən istənilən
sosial partlayışın kökündə əhalinin artım faktoru durur. 2012-ci il 1 martı
Quba üsyanı baş verərkən yazmışdım ki, üsyanın əsas səbəbi gənc kişi əhalinin rayonda
çoxluğudur. Kişi kütləsi Rusiyaya çıxıb getmiş Aran və qərb rayonlarından üsyan
gözləməyə dəyməz. Növbəti üsyan elə şimaldan, İsmayıllıdan gəldi.
Rusiyada millətçilikdən daha çox, Moskvanın
həddən artıq yüklənməsi problemi var. Sibir boşalır. Regionlar mərkəzə axışır.
Paytaxt əhalisi artdıqca ona xidmət göstərəcək ucuz işçi qüvvəsi tələb olunur.
Tikintidə fəhlələr, bazarda satıcılar, süpürgəçilər və s. çirkli işlər.
Bugünün Moskvası 2000 il əvvəlin qədim
Romasını xatırladır. Bu şəhərdə o zamanlar üçün nəhəng sayda, 1 milyon adam
yaşayırdı. Şəhər əhalisinin heç də hamısı Roma vətəndaşı deyildi. Xarici tacirlər,
muzdlu qladiatorlar, fahişələr, yad dini icmalar Romanın miqrantları və
"arzuolunmaz"ları idi. Qaydasız böyüyən şəhərin sabitliyini ancaq
pulsuz çörək və tamaşa ilə saxlamaq olurdu. Roma şəhəri yananda tarix bunu
Neronun adına yazdı. Özbaşınalıqdan yaranmış yanğının səbəbini o vaxtki siyasi
hakmiyyət miqrant xristian icmasının simasında göstərdi. Dünənin Neronu,
bugünün Putini. Dünənin xristianları, bugünün miqrantları. Dəyişən ancaq
fiqurlardır.
Qəribə görünsə də, indi Moskvanın yaşadığı
böhranı 90-ların əvvəli Bakı yaşayırdı. 88-dən sonra Bakıya axışıb gələn
yerazları, qrazları, qaçqınları və şəhər Bakılıların onlara nifrət dolu münasibətini
xatırlayın. 90-lardan sonra sonra doğulmuş nəsil və Bakıya köçmüş əyalət sakinləri
yazdıqlarımı elə də anlamaz. SSRİ-dən müstəqilliyə keçən şəhər əhalisi üçün o
dövr kabus idi.
70 ildə formalaşmış mədəni şəhər həyatı iki
ilə alt-üst olmuşdu. Avtobusa növbə ilə minmə qaydası itmişdi. Uşağı qarşokda
oturdub içindəkini küçəyə fırlatmaq adi hal almışdı. Antisanitariya, mədəniyyətsizlik
başını alıb gedirdi. Yeyilən meyvənin qabığını kənd yerində həyətə, toyuq-cücəyə
atmaq adi hal idisə, Bakıda bu adamın atasını söydürməyə yetərdi.
Qafqaz və Orta Asiyadan Rusiyaya işləməyə
gedənlərin böyük əksəriyyətinin əyalətdən çıxmış adamlar olduğunu nəzərə alsaq
sovet mədəniyyətində böyümüş Moskvalıların nə çəkdiyi anlaşılar. 90-larda şəhər
Bakılılar azlıqda olduğu kimi, sürətlə böyüyən Moskvada mədəni şəhər əhalisi
azlıqdadır və artan təzyiqi daha çox hiss edir. Getdikcə daha çox rus gəlmələrin
mədəniyyətsizliyindən şikayətlənir.
Günlük qayğılarla yaşayan şəhər sakinləri
problemin səbəbini mədəniyyətlərin toqquşmasında görə bilər. Bəs rus müxalifəti
necə görür? Kifayət qədər ciddi siyasətçi saydığım Aleksey Navalnı problemin
kökü kimi Putinin korrupsioner sistemini və iqtisadi ayrıseçkiliyi göstərir.
Maraqlıdır ki, vaxtilə Əliyevin tətbiq
etdiyi siyasət Putin ilə eyniyyət təşkil edir. Rusiyada ən aşağı kommunal
vergini Çeçenistan və Dağıstan əhalisi ödəyir. Çeçenistanla müqayisədə İrkutsk
vilayətində nəqliyyat vergisi 8 dəfə çoxdur. Ancaq Şimali Qafqazın gələcək inkişafına
85 milyard dollar ayrılması planlaşdırılır. Əsasən rusların yaşadığı daxili
regionların soyulması hesabına qafqazlıların siyasi loyallığı satın alınır.
Eynilə Azərbaycandakı tayfa siyasəti. Heydər
Əliyev hakimiyyətə gələn kimi ermənistanlıları, qarabağlıları bütün kommunal xərclərdən
azad etdi. Naxçıvanlılar isə dövlət postları ilə mükafatlandırıldı. Təhsildən
tutmuş metroda gedişəcən hər şey pulsuz idi. Qış aylarında qaçqın evində 3-4 elektrik
sobası yanarkən Bakı fəhləsinin uşağı soyuqda donmalı olurdu. Bir təbəqə
başqalarının vergisini ödəməyə məcbur edilərkən digər təbəqə Heydər Əliyevin
canına şükr edirdi. Kommunal xərclər heç də ehtiyaca görə ləğv edilməmişdi. Qaçqın,
köçkün statuslu elə şəxslər vardı ki, çox əla təminatı vardı. Bütöv regionların
loyallığı satın alınmışdı. KQB məktəbi hər yerdə sözünü deyir.
Qorxaq müxalifət isə problemin kökünü
hansısa qeyri-legitim, mücərrəd iqtidarda göstərirdi. Sizcə 20 ildir hakimiyyətə
gələ bilməmək təsədüfdürmü? Məncə yox. Rusiyanın xöşbəxtliyi ondadır ki,
problemi kökündən təhlil edə bilən Aleksey Navalnı kimi siyasətçisi var. Putin
elitası məhz onun ittihamlarından yayına bilmir. Proses Navalnının göstərdiyi
yolla gedəcəyi halda Kreml Qafqazda 200 illik imperiya mövcudluğuna əlvida deməli
olacaq.
Azərbaycanlıların millətçi kimi tanıdığı bu
gənc siyasətçi qalxan etnik qarşıdurma dalğasında ağıllı gediş etdi. Prosesin
başında bizim siyasətçilər kimi hər hadisəyə bəyanat vermədi. Soyuqqanlı davrandı. 4 noyabrda slavyan millətçilərin keçirdiyi
"Rus marşı" mitinqlərinə tərəfdarlarını səsləsə də, özü qatılmadı.
Navalnı çox gözəl başa düşür ki, "Rusiya faşizmi" deyilən hadisə ötüb
keçən haldır.
Putin
mediasının köməyi ilə şişirdilmiş bu insident qısa müddətə olsa da diqqəti
hakimiyyətə yox, miqrantlara yönəldəcək. Ümumilli düşmən "Vahid
Rusiya" partiyası yox, qul statuslu tacik olacaq. Hansınınki canı cəhənnəmə.
Meydanda olanlar isə siyasətdə heç bir aidiyyatı olmayan, qızmış məktəblilərdir.
Navalnı bunu görür. Putinin satın ala bilmədiyi müxalif kütlənin başına özü
keçsə, kütlə ondan məmur ruslarla yox, alverçi azərilər, fəhlə taciklərlə
döyüşməyi tələb edəcək. Əsas hədəfi
hakimiyyət olan ciddi siyasətçi üçün bu yol verilməzdir.
Yazının davamı olacaq...



Комментариев нет:
Отправить комментарий