Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 17 августа 2011 г.

Məktub çatdı, cəsarət çatmadı


Yəqin xəbəriniz var. Dağlıq Qarabağ sakini 13 yaşlı erməni qız İlham Əliyevə məktub ünvanlayıb. Nədən yazır? Yazır ki, “mən sülh istəyirəm, müharibəsiz yaşamaq istəyirəm, televiziyada təhdidlər eşitmək, uşaqların atasız böyüməsini istəmirəm.” Bir sözlə adi uşaq arzuları. İlham Əliyevin adına ünvanlanan məktuba onun özü deyil, Prezident Aparatının Elnur Aslanov adlı məmuru cavab yazıb. XVIII əsr tarixindən başlayıb BMT qətnamələrəcən gedib çıxan həngamə bir yazı.

 Cavab məktubu haqqında bir neçə söz deyim. Əvvala 13 yaşında uşağa heç zaman  bu uzunluqda, qəliz məktub yazılmaz. Mən özüm bu məktubu oxuyunca təngə gəldim. Uşaq nə qansın. Bunlar uşağa məktub yazmağı Abdullah Güldən, Bil Klintondan öyrənsinlər. Ən azından onlar bir uşağa cavab vermək üçün mirzə tutmurlar.
Məktubda Adelina adlı qız yazır ki, niyə mənim vətənimi təhdid edirsiz? “Niyə ölkəmi işğal etmək istəyirsiniz, bura axı ermənilərin vətənidir.” Bu sözlər sizi qıcıqlandıra bilər. Amma bir anlıq özünüzü müharibədən sonra doğulmuş uşağın yerinə qoyun və düşünün.
17 illik atəşkəs dövründə biz təkcə torpaq itirmədik. Biz tam bir nəsil itirdik. Döyüşdə milyonluq texnikadan daha qiymətli olan gənc zabitləri qocaltdıq. İndi onlar pensiyaya çıxır. Sabah müharibədə isə işi-gücü əskərlərdən pul qopartmaq olan avara zabitlər komandanlıq edəcək. Təcrübəsiz zabit əlində isə əsgər qarışqa kimi qırılır. Bu 17 ildə Qarabağda yad bir nəsil böyüdü. Heç vaxt azərbaycanlı görməyən, öz dövlətinin bayrağı, gerbi altında böyüyən nəsil. Müharibə başlarsa orda yad olan biz olacağıq, onlarınsa inadkar müqavimətdən başqa yolları qalmayacaq. Təbii ki, vaxtilə Qarabağdan cındır corabla çıxan, burda gəlib unitaz, bar, restoran, bir sözlə mədəniyyət görən gədələr heç vaxt öz istəyilə ora qayıdıb döyüşmək istəməyəcək.
Məktubda Adelianaya “Google Earth” proqramıyla dağıdılmış Azərbaycan kəndlərinə baxmaq tövsiyə edilib. Mən də Elnur Aslanova çox uzağa  yox, elə Bakının mərkəzinə baxmasını məsləhət görürəm. Dağıdılan evlərə baxanda qulluq etdiyi hökümətin ermənidən elə də fərqlənmədiyini görəcək.
Ədalət naminə deyək ki, 13 yaşlı bu uşaq İlham Əliyevə gözəl bir irad da ünvanlayıb: “Mən əminəm ki, müharibə başlasa nə sizin uşaqlarınız, qohumlarınız, nə də dostlarınız bu müharibədə iştirak etməyəcək. Əvəzində siravi Azərbaycan gənclərini müharibəyə göndərəcəksiniz.”  4 Word səhifəsi tutan cavab məktubunda bu irada qarşı bircə cümlə də yoxdur. Axı nə yazacaqlar?! Yazacaqlar ki, sənin atanla azərbaycanlı oğullar üz-üzə döyüşəndə İlham Əliyev Rusiyada alver edirdi. Yazacaqlar ki, atası Heydər Əliyev onu ancaq müharibə qurtarandan sonra vətənə gətirməyə razılıq verdi. Müharibədə iştirak bir yana, İlham Əliyevin gənc qohumlarından kiminsə hərbi xidmət keçdiyini nə eşitmişəm, nə də oxumuşam. Yox, Adelina bunların heç birini yaza bilməyəcəklər. Məktub çatdı, amma cəsarət çatmadı.
Adelina, mənim də sənə ürək sözlərim var. Sən İlham Əliyevdən nə qədər narazılıq etsən də indiki sülh içindəki firavan həyatına görə bu rejimə minnətdar olmalısan. Məktubda çoxlu faktlar gətirilsə də, sənin borclu qalacağın iki gün qeyd edilməyib. Biri 10 may, digəri 15 iyun. Birinci gün sənin xöşbəxtliyinin baiskarı Heydər Əliyevin doğum günüdür. O olmasaydı, heç vaxt rüsvayçı atəşkəs müqaviləsi imzalanmazdı, sən dünyaya gələ bilməzdin. Bəlkə də bugünədək bunkerlərdə gizlənməli olacaqdın.
İkinci gün 15 iyun – “Qurtuluş” günüdür. Məhz bu gündən sonra 6 Azərbaycan rayonu peşkəş verildi. O rayonlar verilməsəydi, sən yaşadığın Stepanakertdə(Xankəndi) rahat otura bilməyəcəkdin. Azərbaycan əsgərinin atdığı güllə düz sənin həyətinə düşəcəkdi. Sən də bu məktubu yazmadan öncə xeyli fikirləşəcəkdin.
Səni Bakıya dəvət edirlər. Yaxşı olardı ki, 10 may günü Bakıya gələsən. Ulu öndərin heykəli qarşısında əyilib, müharibəsiz həyat üçün ona təşəkkür edəsən. Düzdü bizim uşaqları əyilməyə məcbur edirlər, amma sən bunu ürəkdən edəcəksən.
İlham Əliyevin müharibə təhdidlərinə gəlincə. Heç narahat olma. Əlbəttə o, Ağcabədini işğaldan azad edib. Ancaq “Lazım gələrsə” bəyanatından 5 metr o tərəfə irərləməyib. Kefində ol.

Комментариев нет:

Отправить комментарий