Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 11 августа 2011 г.

Yedəkdən düşmə zamanı


Avqustun 4-də Rusiya prezidenti Medvedevin verdiyi açıqlama 17 illik danışıqlar adlı yalana tam açıqlıq gətirdi. Medvedev nə dedi? Dedi ki, Gürcüstanla müharibə Ermənistan və Azərbaycan üçün dərs oldu. Sonu gəlməyən danışıqlar aparmaq yaxşıdır nəinki Gürcüstan kimi müstəqil addım atmağa cəhd etmək. Təbii ki, bu yenilik deyildi. Siyasətdən bir qədər anlayan,  yaltaqlıqdan uzaq hər adam başa düşür ki, Rusiya neçə ildir bizi sarıyıb. Harasına? onu özü bilər.

Gözlədik ki, Azərbaycan höküməti bir reaksiya verər. Heç olmasa ortabab məmuru bir az donquldanar. Amma harda Azərbaycan hökümətində o cəsarət. Jirinovskidən zaddan biri çıxıb bu sözləri desəydi Mübariz Qurbanlı, Əli Həsənov ciddi və kədərli üz ifadəsi alıb efirə çıxar, onu psixi problemi olan adam adlandırardı. Bu dəfə həqiqət tanrının dilindən səslənmişdi. Allaha şəkk gətirmək fikrim yoxdur, Prezident Aparatının tanrısının.
Ekspertlər belə şərh verdi ki, avqustun 9-da İlham Əliyevin Soçidə Medvedevlə görüşü gözlənilir, bunun üçün münasibətləri pozmamaq lazımdır. Ümumiyyətlə, Sovet dövründə belə ənənə vardı. Sovet vətəndaşı nə qeyri-ciddi iş vardısa onu görmək üçün Soçiyə tələsərdi. Gündə uzanmaq, sahildə avaralanmaq, istirahətə tək gəlmiş partkom arvadları ilə yatmaq və s. Hər Soçi görüşü adı səslənəndə bunun qeyri-ciddi iş olduğunu anlayıram. 
Avqustun 9-u da təsadüfi gün deyil. 3 il əvvəl rus qoşunlarının Gürcüstan torpaqlarına soxulduğu gündür. Soçidə aparılan hər hansı bir müzakirə torpaqların qaytarılması ilə bağlı ola bilməz. Bu uzağı qulaqburması olacaq, ən yaxşı halda kabab qonaqlığı.
Medvedevin 4 avqustda verdiyi açıqlamadan sonra kapriz edib getməmək də olardı. Müxalifət qəzetləri belə bunu İlham Əliyevin qətiyyətli mövqeyi kimi şərh edərdi. Amma nə etsinlər. Ağa deyir sür Soçiyə, deməli sür.
Görüşün ikilikdə keçirilməsinə İlham Əliyev belə şərh verib: Mən danışıqlarda tərəf olaraq Rusiya və Azərbaycanı görürəm. Ermənistan Rusiyanın forpostudur. Mən forpostu tərəf kimi görmürəm.” - Ancaq özünü aldadan və məğlubiyyətin acısını rişxəndlə çıxan adam Ermənistana Rusiyanın forpostu deyə bilər. İlham Əliyev bu fikirdə tək deyil. Əksər azərilər özlərini bu cür xülya ilə aldadır. Ermənistan Rusiyanın olmasa da, Rusiya Ermənistanın əsl müttəfiqidir. Ona müharibəni udmağa kömək edən, sülh dövründə silahsız qoymayan, Qarabağın qarantı müttəfiq. Bəs Azərbaycan Rusiyanın nəyidir? Başına qapaz vurulub payı əlindən alınan yetim. Hakimiyyət də 18 ildir bu qapazın heyfini Azərbaycan xalqının başına vurmaqla çıxır.
İlham Əliyev Medvedevə göstərdiyi köməklik üçün təşəkkür də edib. Ən avam adam da mat qalar ki, axı nə veriblər ki, nəyə də minnətçi olaq. Sadə bəndələrə təbii  ki, heçnə. İlham Əliyevə çox şey.
Ən azı 8 il müddətində bir xalq üzərində tiranlıq etmə səlahiyyəti. Beynəlxalq münasibətlərdə azacıq “uğur” imici. Məsələ ondadır ki, demokratiya imicini qoruyan Qərb ölkələri üçün İlham Əliyev artıq arzu olunmayan qonaqdır. Əvvəl bu imici ərəb diktatorları ilə yola vermək olurdu. İndi onların da axırı çatıb. Medvedev tək dövlət başçısıdır ki, ona bu jesti edir. O, da olmasa işler çok fena.
Soçi mənim xatirimdə heç bir ciddi gedişatla qalmadığı üçün ilk ağlıma gələn Soçiyə qış səfərindən çəkilmiş fotolar oldu. Sarkisyanın ayaq üstə xizəkdə dayanıb lotusayağı gülümsədiyi, İlham Əliyevin Medvedevin kirşəsinin yedəyində əyləşdiyi foto. Heç bir karikaturist bu fotolar qədər ciddi siyasi şərh verə bilməzdi. 4 avqustdan sonra nə həqiqəti axtarmağa, nə də danışıqlar aparmağa dəyməz. Ancaq yedəkdən düşmə zamanı, heç olmasa Azərbaycan naminə.

Комментариев нет:

Отправить комментарий