Başlanğıc...

Paz-zollayaninin köşəsi

вторник, 20 марта 2012 г.

Danışır gənclik!

17 mart tarixdə adi bir gün idi. Amma Azərbaycan gəncliyinin öz sözünü dediyi gün oldu. Bu günə qədər gənclik çox aksiyalar keçirib. Çox polislə üz-üzə gəlib, şüar səsləndirib. Həbsi gözə alıb, ancaq sınmayıb. “SUS” siqnalı veriblər, amma susmayıb. 
 
Gənclik mitinqini keçirmək üçün yer ala bildi. Keçirdi də.

Qara, küləyə baxmayaraq, mitinq çox rəngli keçdi. İnsanların üzündə narazılıq yox, sevinc vardı. Baxmayaraq ki, o mitinqə hakimiyyətin siyasətindən narazı olan gənclik qoşulmuşdu. Neçə-neçə gənc qoşulmaq üçün növbəti mitinqi gözləyir…

Bir az da mitinq şəraitini təhlil edək.

Hakimiyyət nəqliyyat imkanları məhdud olan, şəhərin ucqar nöqtəsini vermişdi. Hava şəraiti də ideal deyildi. Təbliğat üçün vaxt məhdud idi. Amma mitinqə 2000-ə yaxın gənc gəlmişdi. Say artırmaq baxımından mitinq yerinə yaşlı nəsil, partiya funksionerləri də gələ bilərdi. Gənclik istəməmişdi. Çünki bu, onların mitinqi idi. Kölgə deyil, boz havada günəş olmaq istəyirdilər. Tribuna da onların idi.

Sosial şəbəkələrdə video, xəbər, bloq yazıları ilə təbliğat aparılmışdı. Vaxt az olsa da, nəticə müsbətdir. Ancaq Rusiyadan öyrənməli çox şey var. Yadda saxlamaq lazımdır ki, meydan qəhrəmanı olmamışdan əvvəl internet qəhrəmanı olmaq şərtdir. Bunun üçün isə arada qalan vaxtda dayanmadan intellekt mübarizəsi aparmaq lazımdır. Aleksandr Navalnı nümunəsində meydan lideri olan gənclərin mitinq kütləsi təkcə Putinə nifrət edənlər deyildi. Yüzminlərlə bloq oxucusu, “Twitter” izləyicisi idi. Bu gün intellektinə və mübarizə əzminə internetdə pərəstiş edirlərsə, sabah meydanda əsgərinə çevriləcəklər.

Tribunaya nitq üçün gənc yazarları da çıxarmaq lazımdır. Ziyalı borclarıdır. Yoxsa, məsələn, Seymur Baycan tək kənarda dayanıb, Əbülfəz Qurbanlını Əli Kərimliyə, Samir Əsədlini Sabir Rüstəmxanlıya bənzədəcəklər. Yeniliyi onlardan eşidək.

Mitinq şüarlarla, plakatlarla zəngin idi. Təkcə şüar zənginliyi deyildi. Ideya zənginliyi də var idi. “Qalx ayağa Azərbaycan, ümidlərimin üstündə oturmusan!”, “Analoqlu təhsil istəyirik!”, “Milli Məclis dramadır, biletlər çox bahadır!”, “Hər şey ancaq pul deyil, tələbələr qul deyil!”, “Milyonerlər ölkəsi – dilənçilər vətəni!”, “Müəllimin aldığı rüşvətdən vergi tutun!” kimi yaradıcı şüarlarla çıxmışdı gənclik.

Müxalifəti təkrarçılıqda suçlayanlar bu dəfə susqun qaldı. Hakimiyyət müxalif gəncliyi nədə ittiham edirdi? Vətənpərvər olmamaqda, “xarici maraqlara işləməkdə”… Cavab olaraq, bu gənclik meydanı Azərbaycan bayraqları ilə bəzədi. Saxta vətənpərvərlik fonunda aparılan korrupsiya yalanlarına “Bizə ”Eurovision” yox, Qarabağ lazımdır!” şüarı ilə cavab verdi.

Tribunaya əlində pivə və siqaretlə çıxanlara münasibət:

Stadion tribunasında, əyləncə yerlərində belə görünə bilərsiz, amma siyasi mitinqdə yox. Bu gün Avropanın ən liberal ölkəsi Hollandiya və İsveçdə də tribunaya içki və siqaretlə qalxsanız, səhəri gün mətbuat siyasi karyeranızı məhv edər. YAP-çılar kimi “milli-mənəvi dəyərlərə zidd olmaq”da yox, alkoqolizmi, tütünü təbliğ etməkdə ittiham edərlər. Müxalifəti “geridəqalmış” sayanlara ən yaxşı nümunə müxalifətin 2005 mitinqləridir. Siyasi liderlər kostyum-qalstukda yox, rəngli maykada çıxmışdılar. Cansıxıcı tribuna mühitini rəngli bayraqlar, şüarlar, şarlarla bəzəmişdilər. Belə keçmişdən öyrənməyə dəyər.

Bir neçə söz də hakimiyyətin ünvanına:

Əli Həsənov mitinqdə iştirak edən gəncləri “öz liderlərinin mənəviyyatına uyğun olaraq, mövqelərini söyüş, təhqir, əxlaqsız hərəkətlərlə ifadə etməkdə” günahlandırıb. Məsələdən bixəbər olan Əli Həsənov bilsin ki, çəkdiyi nümunələri göstərən bir nəfər də partiya üzvü gənc olmayıb. Əli Həsənovun məntiqini götürsək, məlum olur ki, MM tribunasından söyüşlər yağdıran Əhəd Abıyev partiyasının lideri Ilham Əliyevin mənəviyyatını nümayiş etdirib. Belə deyilsə, ya Əli Həsənov səhv deyir, ya da İlham Əliyev siyasi lider deyil. Əli Həsənov onu da unutmasın ki, tribunada İlham Əliyevin ailə şərəfi təhqir olunanda o həddinibilməz gəncə cavab verən də cəbhəçi oldu. Sadə vətəndaş, ya prezident – şəxsi həyatı təhqir edənin qarşısındayıq. 9 ildə müxalifətə qarşı bircə alicənab nümunə göstərməmisiz. Ancaq çirkab…

Yolunda ol, gənclik! Çətinlik qarşısında sınmadan, qul təfəkkürü saymadan!

Комментариев нет:

Отправка комментария