Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 31 марта 2012 г.

Miskin Kral


 

     DIN Quba hadisələri ilə bağlı məlumatını yaydı. Nazirliyin mətbuat katibi köşə yazarı olsaydı, başlığı belə qoyardı: “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı”. Yenə də günahkar xalq, cinayətkar jurnalistlərdir. Keçmiş icra başçısı Rauf Həbibov isə qanun qarşısında İlham Əliyevin neft sürtdüyü yanağından daha təmizdir. “Hakimiyyətdən ədalət gözləməyin” – deyənlərə bu hakimiyyətin öz ədaləti var demək lazım. Quldur ədaləti, quldur əxlaqı. Quldur əxlaqında onun taladığı halal, bu işi rahat icra etməkdə mane olan cinayət sahibidir.

 Aparılan istintaqa və nəticəsinə mənəviyyatsızlıq, siyasi əxlaqsızlıq da deməyəcəm. Çünki bu özü siyasi əxlaqın bir formasıdır. Devizi:“Prezident yaxşıdır, ətrafındakı quldurlar da yaxşıdır. Günahkar xalqdır, ancaq xalq”.  Onlara “sizin mənəvi haqqınız yoxdur” deməyin, taki onlar ayaqlarınıza düşüb əfv edilmə haqqı tələb etməyincə. Siz bunu bacarmayınca.

Əvf demişkən  İlham Əliyevin bir xüsusiyəti aşkar olub. Yox, yox, başqalarının yataq otağından sevişmə səhnələrini televiziyada göstərmə vərdişini demirəm. Təxminən buna bənzər şeydir. Qondarma ittihamla həbs etdirdiyi siyasi məhbuslara əfv ərizəsi yazdırıb, bunu mətbuatda, televiziyada nümayiş etdirmə həvəsini deyirəm.

Bilirsinizmi bu nəyə oxşayır? Əzazil bir uşağın pişik balasına əzab verib, verib azadlığa buraxmasına. Sonra da sevinərək bundan həzz almasına. Bu qəribə kompleksin səbəbi elə də müəmma deyil. Həyatda heç nəyə özü nail olmayan insanın başqalarının əzabından, sınmasından həzz alma kimi istəyindən təbii bir şey yoxdur. Axı maddiyat hər zaman ruh doydurmur. Əvvəl xarici səfərlərdə rahatlanırdı. İndi dəvət edən də yoxdur. Qərb ölkərinin mətbuatı isə hər gün onu olmazın şəkildə alçaldır, ifşa edirlər. Hətta ən prinsipal müxalif jurnalistin etmədiyi təhqirləri bugün nəcib avropalılar edir.

Avropanın bunu etməsi aydındır. İllərdir  eşitdikləri demokratiya yalanlarının bir gün heyfi çıxılmalı idi. İndi məqam o məqamdır. İlham isə tərif istəyir, qarşısında əyilənləri görmək istəyir. Saray yaltaqlarının ikiqat əyilməsi artıq ona həzz vermir. O, düşməni(müxaliflər) üzərində qələbə arzulayır. Elnur Məcidlinin yazdığı əfv ərizəsini mətbuata çıxararaq həzz almaq gülünclükdür, prezident adına acizlikdir. Halbuki, Elnur yazdığı əfv ərizəsi ilə başqalarının azad olması xəyalına inanırdı. Aldadıldığını anlayınca xalqından üzr istədi, kralın həzzini başlamamış kəsdi.

Heydər Əliyevi yada salın. Kim idi onun rəqibləri? İskəndər Həmidov, “OMON” komandiri Mahir Cavadov. Qəddar dövlət başçısı olsa da, oynadığı siyasi fiqurlar da böyük idi. İlham Əliyevin rəqibləri kimdir? 21 yaşlı gənc Elnur Məcidli, Qarabağ əlili Babək Həsənli. Hardan haraya…

Polşa yazıçısı Yanuş Korçakın “Kral birinci Matiuş” adlı əsəri var. Uşaqlar üçün yazılsa da, krallara dərs verəcək əsərdir. Gənc yaşda taxta əyləşən Matiuş bezib saraydan qaçır. Müharibəyə yollanır. Dəmiryol vağzalına çatdıqda ilk eşitdiyi söz əsgərlərdən özü və atası haqda söyüşlər olur. O, da İlham Əliyev kimi özünə qarşı tənqidlərə(yalan deyərəm) dözümlü olsa da, atasına deyilənləri bağışlaya bilmir. Amma “dərhal həbs edin” əmri vermir. Ön cəbhəyə yollanır. Palçıqlı səngərlərdə yatır. Yavan çörək yeyir. Kəşfiyyata gedir.

Sarayda olmadığı vaxtda isə onun yoxluğu bilinməsin deyə nazirləri Matiuşa oxşayan farfor kukla sifariş edirlər. Üstü açıq bahalı maşına oturdub, hər gün şəhərdə gəzdirirlərmiş ki, xalq kralın varlığından xəbər tutsun. Arxadan ipi çəkən bir nəfər isə kukla kralın xalqa əl sallamasına və gülməsinə köməklik edir. Amma bu çox davam etmir. Bir gün dələduzun biri farfor kuklaya daş atır və çilik-çilik edir.

Elə bu məqamda həqiqi kral Matiuş hərbi əsirlikdən qurtarılır. Müharibəni keçən kral anlayır ki, krallıq əyləncə və gəzinti deyil. Daşımalı olduğu ağır xalq yüküdür. Ancaq çətinlik görəndən sonra nazirlərinə “Burda Kral mənəm” əmri vermə cəsarəti tapır.

Özünü kral sayan bütün diktatorların həyatı farfor kukla və Matiuş arasındakı fərq qədərdir. İnsanın bədbəxt olduğu an, hər şeyi itirdiyi an deyil, bir gün ayılıb məqsədlərinin olmadığı andır. O an ən miskin arzular belə ruhu rahatlatmaz. İnsan olmaq üçün yüzlərlə kitab oxumaq lazımdır, kral olmaq üçün ən azı “Kral birinci Matiuş”u. Kaş ki, o, Matiuşu tanısaydı…

Комментариев нет:

Отправка комментария