Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 8 марта 2012 г.

Müqəddəs sabun

Vaxt vardı sabun da dəyərli idi. O da müqəddəs idi. Təhqir üçün deyil, təbrik üçün hədiyyə edilərdi. Ətri gül tək qoxlanardı. Üz qabığı qadın dərisi kimi əzizlənərdi. SSRİ-nin “defisit erası”nı yaşayanlar, məktəb illərini meydan hərəkatında yaşayanlar, ekranda cizgi filmini müharibə səhnələrinə çevirənlər bilərlər. Sabunun 8 mart günü necə qiymətli hədiyyə olduğunu. Sovetlər məkanında yaxşı ətir tapılmaz lüks idi. Pul vardı, mal yox. Bu səbəbdən qadınlarımıza ətirli sabunlar bağışlardıq. Analarımıza, qonşularımıza, ən əsası qadın müəllimələrimizə. Gül də bağışlardıq. Ən çox qərənfil. Birinci sinfə getdiyim ilin 8 martı qərənfil artıq matəm gülünə çevrilmişdi. Yerini nərgizə, mixəkgülünə vermişdi.

 Sabunsa hələ dəyərini itirməmişdi. SSRİ dağılandan sonra da qiymətli idi. Belə hədiyyəni alan müəllimə mütləq razı qalardı. Xüsusilə ətirli, “impırtnı” sayılan “Riqa” sabunlarını. Mülki sosialist istehsalının bəlkə də ən keyfiyyətli malı idi o sabun. O zaman heç birimiz “sabunlamağın” təhqir olduğunu düşünməzdik. Heç kəs yaltaqlıq edənə “sabun al”, “sabun verim” deməzdi.

Sabunla bağlı ən maraqlı epizod “Cəbiş müəllim”  filmi ilə bağlıdır. Müəllim və sabun mövzusunda mənim də xatirəm var. Yenə növbəti 8 mart, yenə əlində güllər tutan ibtidai sinif şagirdləri. Kağıza bükülmüş ətirli sabunlar. Qadın müəllimələrimizə hədiyyə edirdik. Bir rus dili müəlliməm vardı. Gətirilən hədiyyələrə fikir vermədən dərsinə başladı. Bayram rahatlığı ilə dərsə gələn şagirdlər dərsi öyrənməmişdi. Çünki digər müəllimələr razı qalanda heç nə soruşmurdu. Hər zamanki kimi hazır idim. Soruşmadı. Amma məni göstərib dedi: “Sizin hədiyyə etdiyiniz sabunlar mənim üçün önəmli deyil. Yetərki dərsinizi oxuyub gəlin.”

O gün anladım ki, mənim də bir “Cəbiş müəllimim” var. O zaman sabun da müəllim kimi müqəddəs idi, təmiz idi, qiymətli idi. Lakin o qadın qarşısında ən bahalı sabun belə natəmiz qalırdı. Bu Əliyevlərin hakimiyyətə gəlməmişdən əvvəlki illər idi. Hər şey kimi müəllimlərin də təmizliyini, müqəddəsliyini qoruduğu dövr. Hər şeyin var olduğu bugün o təmizliyi heç zaman geri qaytara bilməz. Avtoritarizm təkcə müəllimlərimizi murdarlamadı, sabunumuzun müqəddəsliyini də məhv etdi.

Hər şey gəlib keçər, amma o qadınlar əsla unudulmaz. Çünki bütün çirkinlikləri yuya biləcək tək vasitələri-qəlbləri vardı. 8 mart o qadının timsalında bütün qəlbi təmiz, məğrur qadınları təbrik edirəm. 

Комментариев нет:

Отправить комментарий