İnqilab haradan başlayır? Üsyanlardan, aksiyadan, mitinqdən,
ya bir nəfərin qətlindən.
Bunların hamısı var. Ancaq inqilab öncə oğulların atalara üsyanından başlayır.
Oğulun ataya "Sən getməlisən!", "Dəyişməlisən!" sualını
vermədiyi evdə və minlərlə evdən ibarət o ölkədə inqilab olmaz, ola bilməz.
Olsa-olsa inqilabın parodiyası olar.
Oğul atanın davamçısıdırsa, diktatorun
davamçısı demokrat ola bilməz. Şərt deyil diktator hakimiyyətdədir, ya
ofisdə. İtirməyə qorxusu olanlar inqilab
edə bilməz. Yaşlı nəslin isə hər zaman nəyisə itirmək qorxusu var. Hər şeydən
öncə övladlarını. Bax, o oğullar atalarını itirmək reallığı ilə üz-üzə
qoyduqda, inqilab ruhunu söndürməyə heç bir silahın gücü çatmayacaq.
Meydan hərəkatı başlayanda,
SSRİ dağılanda məktəbli idim. Hərəkatçıların dilindən tez-tez bu sözləri
eşidirdim: "Sovetlər Pavlik Morozovlar yetişdirib. Atanın, ağsaqqalın üzünə
ağ olmağı öyrədib. Bizə atasını satan pioner Pavlik Morozovlar lazım
deyil".
Uşaq düşüncəmlə özümə sual
verirdim: "Axı, bu məktəblinin günahı nədir? Niyə bu insanlar bir pionerə
bu qədər nifrət bəsləyirlər?" O zaman Pavlik Morozovu tanımırdım. Böyüdükcə
tanıdım. Avtoritarizmin caynaqları daha bərk sıxdıqca, xilaskarımız ola biləcək
bir mifi itirdiyimizin fərqinə vardım.
Kim idi Pavlik Morozov? Sovet
bürokratiyasında vəzifə tutan, rüşvət alıb sənəd verən, dövlət malını dağıdıb
iki arvad saxlayan atanın oğlu. 14 yaşlı gənc. Rüşvət aparatının detalı olan on
minlərlə Azərbaycan məmurun oğullarından biri. Dediklərinə, rüşvətxor atanın
ifşasına görə atasının qohumları tərəfindən qətlə yetirilmişdi.
Meydan hərəkatçılarının gözündə tək
günahı "Ata, sən oğrusan!" deməsi olmuşdu. O, azərbaycanlılar üçün
müqəddəs sayılan, şahənşahı tənqiddən belə ağır olan bir kulta üsyan etmişdi.
Ağsaqqallıq kultuna. Öz evində atasına etiraz edə bilməyən inqilabçıların
gözündə cani idi, mürtəd idi. Onu bağışlamaq olmazdı. Tipik azərbaycanlının
gözündə atanı ifşa etməklə ən böyük cinayəti işləmişdi. Bir azərbaycanlı
atasına üsyan etmədikcə, o, da Pavlik Morozova nifrət edəcək.
Meydan hərəkatı Azərbaycana müstəqillik
verdi. Gəncliyinə inqilab ruhu vermədi. Halbuki devrilən rüşvətxor
professorların, bürokratların, orqan işçilərinin cəzasını hökümət deyil, öz
oğulları verməli idi. Cəza isə heç yerdən gəlmədi. "Lenin baba
yolunda" kultu dağıdılmamış, "Heydər baba" kultu gəldi.
Dozasından məhrum edilmiş, "lomka"dan çıxa bilməyən narkomanlara
xilaskar kimi gəldi. Bu qocaya ilk üsyan bayrağını gənclər qaldırmalı idi.
Amma olmadı. Əksinə döyüşkən gəncliyin simvolu Cavadov qardaşları belə
onun yanında yer aldılar. Çünki 1988-də Azadlıq meydanına əmr gəmişdi.
"Ağsaqqalın üzünə ağ olma! Yoxsa satqın Pavlik Morozov olacaqsan".
O illər nəyi itirdiyimizin fərqində
deyilik. İndi də deyilik. Fikir verin ölkədə vəziyyət ağırlaşdıqca, müxalifətçilərin
də kökü kəsilir. Simalar sına-sına gedir. Habuki əksinə olmalı idi. Bir sınan
ataya iki oğul üsyan etməli idi. Olmur, olmadı. Rejim qarşısında susmağı, rahat
qocalığı seçən müxalifətçilərin geniş yayılmış bir arqumenti var.
"Balalarım var. Onların təhlükəsizliyini fikirləşməliyəm". Bu
arqumentin qarşısında hətta prinsipal dostların da qolları boşalır, köhnə
dostun, təzə satqının günahından keçirlər.
Bir dəfə Qənimət Zahid "balalarım
var" deyib, satılıb çıxan müxaliflər haqqında yazmışdı: "Bəs balaları
demir, ay ata niyə satılmısan?" Xeyr, demirlər. Deməyəcəklər.
Azərbaycanın siyasətinə fikir
verin. Anar, Zeynəb Xanlarova, Allahşükür Paşazadə. Siyasi liderlər heç zaman
bu şəxsləri tənqid etməzlər. Çünki onlar adi şəxs deyil. SSRİ-nin yetişdirdiyi
nəsillərin ağsaqqallıq, ağbirçəklik kultlarıdır. Bu insanları tənqid etmək
Mehriban Əliyevanı tənqid etməkdən daha ağır, daha qorxuludur. İki-üç nəfər
çıxmaq şərtilə cümlə Azərbaycan susur ağsaqqalların qarşısında. İndiki gənclərin
də öz aləmlərində yaratdığı ağsaqqallar, buddalar var. Amma bu tamam başqa
yazının mövzusudur.
Diktatura qarşısında sınmaq
ehtimalı olan hər kəs evində Pavlik Morozov böyütməlidir ki, sapdığı an
"Ata, tfu, sənin rüşvətxor sifətinə" sözünü eşitsin. Nəinki
demokratın, məmurun, həkimin, universitet professorunun, partiya liderinin.
Bugün Azərbaycan gəncliyinin verdiyi ən böyük mücadilə diktaturaya qarşı deyil,
doğma atalarıdır. Qul psixologiyası, rüşvət qanda deyil, ata mütiliyindədir.
Bağışla bizi Pavlik Morozov. Mən əsla
sənə "satqın" demədim. Çünki səni tanımadan qərar vermədim. Bağışla
bizi. 88-də, 93-də səni "satqın" adlandırıb, sonra bir mandata
satılan demokratları bağışla. Dünən səni daşlayıb, bugün şeytan qarşısında baş əyənləri
bağışla. Radikal ataları ilə birgə susan oğulları bağışla. Pavlik, bağışla
bizi.
P.S. "İsa Qəmbər getməlidir"
iradını Emin Milli deməməliydi. Turqut Qəmbər atasına, Adnan Hacızadə Hikmət
Hacızadəyə deməliydi. Deməli idilər ki, balaca Heydər üçün bir gün "Dədə,
dədən getdi. Bəlkə sən də gedəsən" nümunəsi olsunlar.
Kultura.az 31.10.2012

Комментариев нет:
Отправить комментарий