İnsanlar var ki, bir ömür yaşayır, özünü
tapa bilmir. Nə istədiyi peşədə işləyir, nə bacardığı. Varlı olur, cəmiyyətdə
siması olmur. Gənc vaxtlarının miskin xatirələrilə ömrünün sonun sayır.
İnsanlar da var ki, çox gənc yaşda özünü, usta olduğu sahəni
tapır və tanınır. Bu cür davam edən adamlar həyatını həm mənalı yaşayır, həm də
məhşur şəxsiyyət kimi başa vurur. Bəzən var-dövlət sahibi olmurlar, amma yaşadıqları
cəmiyyətdə bir sima olurlar. Bu insanların əsl faciəsi isə özlərini layiq
olduqları yerdən qoparıb, cəngəlliyə atması ilə başlayır. Qan Turalı belələrindəndir.
Son günlərin ədəbiyyat saytlarının əsas intriqa
mövzusu Qan Turalının yazıçı Anardan götürdüyü müsahibədir. Müsahibəyə gələn
reaksiyalara keçmişdə yaşananların hesablaşması da demək olar.
Tural Anardan niyə müsahibə götürüb, Anar
ona nə deyib, hansı suallar verilməliydi, amma verilməyib kimi müzakirələrə
girmək istəmirəm. Məsələ aydındır. Anar "tövbə qapısı"ndan Turalın
keçməsini istəyib. İstədiyi sualları eşidib, istədiyi cavabları verib. Bu vəziyyətdə
gerçəkdən məhkəmə quracaq kimsə varsa, o da Anardır.
Qan Turalını Azərbaycana "Azadlıq"
qəzeti tanıtmışdı. "Azadlıq"ın verdiyi azadlıqla istedadını tanıda
bilmişdi. Əyalətdən gələsən, heç bir qazanc vəd etməyən universitet ixtisası (fəlsəfə)
bitirəsən və 22-23 yaşında bütün ölkəyə tanınasan. Çoxusunun başı üstə "Domokl
qılıncı"na çevriləsən.
Bu Turalın qalxdığı zirvə idi və deyə bilərəm
ki, siyasi tənqidçilik bu insanın çörək və şöhrət qazanacağı yeganə sahə idi.
O, özünü tapdığı yeri itirdi.
Kulisə getməklə itirdi. İtirmək var itirmək.
Tural indi özünü bitirməklə məşğuldur. Bəlkə də belə yaxşıdır. Cazibə qanununa
görə zirvədən yuvarlanan özünü dərənin dibində tapmalıdır. Anarla müsahibəsininin
üstündən keçmək olardı. Amma Qənirə Paşayevadan götürdüyü son müsahibə əsl faciədir.
Müsahibə deməklə səhv edirəm, mədhiyyə. Yazını oxuyub bu sualı verdim: Qənirəyə
mədhiyyə yazacaq günlərəmi qaldın, Tural?
Qənirənin özündən savayı var-yoxunu mədh etməklə
qalmayıb, onun şagird vaxtı "Master və Marqarita"nı oxumasına təəccüb
və heyrətini gizlədə bilmir. Özü də rus dilində oxumasına. Əvvala, "Master
və Marqarita"nı uşağa oxumağa tövsiyyə edənin ağlı yoxdur. İkincisi, bir
adam uşaq vaxtında bu əsəri oxuyub, dərk etdiyini deyirsə, onun psixi vəziyyətinə
şübhə etmək lazımdır.
Özü də bu nə deməkdir, rus dilində mütaliə
edən adamla fəxr etmək? "İlham Əliyev rus, ingilis dillərini bilir"
deyə, onun fəxr edən hakimiyyət məddahlarından
nə fərqin oldu? Sənin mədh etdiyin heç İlham da deyil.
"Qənirə - özünəqayıdış hekayəsi"
bloq yazımda yazmışdım. Qənirə mükəməlliyyətçi uşaq böyütmək istəyən sovet ailəsinin
uşağı olub. Belələri baxçadan rus, ingilis dilini öyrənirlər, amma həyatın
özündən öyrənmək şansları olmur. Nəticədə psixozla yaşayan, heç nədən doya bilməyən
natamam adamlar ortaya çıxır.
Qənirədən Günel Movlud da "lent.az"da
müsahibə ötürüb. Amma bu müsahibə mədhiyyə yox, Qənirənin kəşfi idi. Məhz o
müsahibə yazım üçün ilham mənbəyi olmuşdu. Günel də səninlə eyni mühitdə işləyir,
amma o simasını itirməyib. Deyim ki, tənqidçi publisistikada yüksəliş dövrünü
yaşayır.
Qan Turalı "Azadlıq"dan
"Siyasətdən bezmişəm, ədəbiyyatçı olmaq istəyirəm" bəhanəsi ilə
getmişdi. Gedərkən reaksiya verməmişdim. Bu vaxtacan nə hansısa yazıda, nə də statuslarda
onun haqda "satqın", "xəyanətkar" sözlərinin heç birini işlətməmişəm.
Birincisi, siyasi mənsubiyyəti olmayan
adamdan heç vaxt siyasi öhdəlik tələb etmirəm və bu kəlmələri lazımsız görürəm.
İkinci, siyasi tənqidçiliyi atıb ədəbiyyatçı olacaqsansa, səni ədəbiyyatçı kimi
tənqid edəcəyik.
Tural ədəbiyyatçı kimi təkcə ilk romanını deyil,
həm də fiaskosunu yazdı. Belə bir söz var: "Hər bir şəxs mükəmməl roman yaza
bilər - öz həyatı haqda". O, bu şansı da məhv etdi. Süjetini
avtobioqrafiyasından götürdüyü "Mustafa" romanını plagiat sonluqla
bitirdi. Həm də bir kinonun mövzusundan götürülmüş ad və süjetlə.
Hələ abzas.net-də çalışanda Rasim Qaracanın
"Ədəbi istedadı sıfırlarda seyr edən Qan Turalını və Elmin Həsənlini
“Alatoran”ın az qala hər sayında dərc etməliyəm?" fikrini tam
anlamamışdım. Çünki ortada ədəbi məhsul da yox idi. Amma zaman özünü göstərdi.
2010-ci ilin sonunda Qan Turalı "Mustafanın
qurbanlığı" adlı köşə yazısı yazıb. Köşə "Evə dönüş" türk
filmində solçu təmayüllü Mustafanın hərbi xunta tərəfindən həbs edilməsi, həbsxanada
işgəncələrə məruz qalması və gününmüzlə əlaqəsindən danışır. Yazını internetdə
tapa bilməzsiz, amma "Azadlıq"ın arxivində durur.
Romanı haqda "Aynadakı Mustafa"
yazısını yazanda bu köşədən xəbərim yox idi. Ancaq ad gəlib həqiqətin üstünə
oturub. Və sən Tural, "ədəbiyyat ilə məşğul olacam" deyib, zirvədə ikən
gedəsən, "Mustafanın qurbanlığı"nı "Mustafa"nın
çurbanlığına çevirəsən. Bilmirəm, Qan Turalı Qaraqanın "A" romanı
haqda hansı tənqidləri işlədib. Fakt odur ki, Mustafanın aqibəti ucuz
kinoplagiat sonluqla bitir. Bax budur, keçmiş siyasi tənqidçinin, indiki ədəbiyyatçının
faciəsi.
Anarla Turalın görüşü adi müsahibə deyil,
müstəqillik tariximizin, AYO-çular epoxasının bəlkə də ən ibrətamiz səhnəsidir.
Görüşün sonunda qoca Anar gənc Turala "Mübarizə bu gün də var"
kitabını hədiyyə edir. Bundan daha ironik son ola bilməz. Doğrusu, bu hərəkəti
Anarı mənim gözümdə çox ucaltdı. Yazıçı kimi yox, insan kimi yox, afyoraların
böyük ustadı kimi.
Bu məqamda Anar Dostoyevskinin "Böyük İnkvizitor"unu
xatırlatdı. Böyük İnkvizitor xalq arasında populyarlığın zirvəsində olan, susmuş İsanı qandallayır.
Ona ədalət haqqında monoloqunu deyir və azad olması üçün şans verir.
75 yaşlı qoca Cənnət və Cəhənnəm arasındakı
Ərafda gözləyən 28 yaşlı gəncə yol göstərir. Mübarizə bu gün də var! mesajı
verir. Öz qarşısında deyil, susqunluğa tövbə deməyə səsləyir. O, isə.. O, isə Qənirəni
mədh etməklə ədəbiyyat cəhənnəminin ən alt qatlarına yuvarlanır.
Tural təzədən Qan Turalıya çevrilsə belə,
siyasi tənqidçilikdə asıb-kəssə də, bu Anarı zərrə qədər narahat etməyəcək. Elə
ki, Anardan bircə cümlə yazdı, bu sözləri xatırladacaq: "Unutma dost, sən
sındın! Həm də öz istəyinlə".


Комментариев нет:
Отправить комментарий