Mən və məndən aşağı yuxarı 3 yaş fərqi
olanlar keçid dövrünün uşaqlarıdır. Biz Yeni il yaxud "Yolka bayramı"
adlanan hadisəni bütün parıltısı və sönülklüyü ilə yaşamışıq. Məktəbə gedəndə
meydan hərəkatı başladı. Əlifba bayramı qeyd edəndə "Qanlı yanvar".
Sonra
müharibə. Müharibə ilə bir yerdə formal müstəqillik, defisit, sonra "gəl gəl
ayaz günləri" olan Mütəllibov, Bəy Elçibəy, narkoman Surət və nəhayət qoca
qurd Heydər.
Heç bir uşaq bu qədər tarixi transformasiyanı,
inqilabı, sosializmin çöküşünü, müharibələri, terrorları, çevrilişləri, saxta
sui-qəsd tamaşalarını yaşamayıb. Ancaq bunların heç birində Yolka ruhu yox idi.
Deyim ki, Yolka sevinci SSRİ ilə bitdi.
İndi insanlar sovetlər dönəmindən daha
varlı, daha çox şey almaq imkanına malikdir. Atalarımız o illərdəki kimi bir
"Doktorskaya kolbasa" üçün bütün şəhəri gəzmir, hinduşkanı gedib
rayondan gətirmir. "Paytaxt salatı" üçün ən yaxşı noxud ("Globus")
və şoraba xiyar bolqar proletariatının göndərdiyi bayram hədiyyəsi deyil. Ən
gözəl almalar Macarıstandan, ən keyfiyyətli pivə Çexiyadan, ətirli saqqız ADR-dən,
banan Kubadan ildə bir dəfə gəlmir. "Quş südü" tortu kəsilmir, yeyib
içməkdən sonra "Kosmos" siqareti çəkilmir.
Əslində bunların hamısı indi var. Markalar fərqlidir.
Mallar daha gözə gəlimli, tez tapılandır. Amma pul verib alarkən duyduğun həzz
yoxdur. Bayramlarda bayram əhvalı yoxdur. Tele proqramlar bezdiricidir. Görəsən
niyə?
Səbəb sadədir. İnsanlar yüklənib. Təkcə dərdlə,
qəmlə yox, informasiya ilə, reklamla ən əsası sistemsiz həyat tərzi ilə. SSRİ vətəndaşlarını
yoxluq içərisində yaşadırdı. Defisit, "altdan satılan mal" terminləri
uşağa da tanış idi. Bugünün uşaqları bunu təsəvvür edə bilməz. Amma aşağı
yuxarı hamı eyni cür yaşadığı üçün yoxluq yox idi, defisit mal var idi.
Sovet insanının xöşbəxtliyi onda idi ki,
onun doldurulacaq boşluğu var idi. Bayram öncəsi evin kişisinin şampan,
mandarin, kolbasa, limonad axtarışına çıxması və evə uğurlu ovla qaytıması ailə
üçün xöşbəxtlik sayılırdı. Hətta bunlar yoxdusa belə, fəhələlərin uşaqlarını
"Yolka şənliyinə" aparması üçün verilən biletləri vardı. Uşaq şənliyə
daxil olar, digər uşaqlarla mahnı oxuyar, şənlənər, səhnə tamaşasına baxar,
axırda da hədiyyəsini alıb çıxardı. Və o Yeni il həmişəlik yaddaşında qalardı.
İlk getdiyim yolka şənlikləri yadımdadır.
Bütün mahnılar, salamlaşmalar, Şaxta Baba və Qar qızın təbriki ancaq rus dilində
olardı. Heç nə başa düşməzdim. Digər uşaqlar kimi hərəkət edib, teatrı gözləyərdim.
Aktyorların hərəkətini izləyib, dillərini başa düşməsəm də sıxılmırdım.
Ancaq 20 yanvar hər şeyi dəyişdi. Tanklar təkcə
şəhərə girmədi, böyükdən uşağa hər kəsin beyninə girdi. Rusizmi tırtılları ilə əzib
keçdi. 1991-ci ilin "Yolka şənliyi"ndə hər şey fərqli idi. Proqram azərbaycan
dilində, aparıcılar azərbaycanlılar, tamaşalar da bu dildə. İlk dəfə idi özümü
o böyük zalın sahibi hesab edirdim. İlk dəfə "bu ölkə mənimdir" deyəcək
hissi keçirirdim. Rus dili yox olmuşdu. Təkcə mahnılarda rus sözləri qalmışdı. Qürur
hissindən gələn sevinc azərbaycandilli ailələrin uşaqları üçün əvəz edilməz
idi.
20 yanvar çox şey dəyişdi. Daha bizim
evimizdə Yolka bəzənmədi. Əvvəlcə "Qanlı yanvar"ın yas havası mane
oldu. Sonra özüm bunu təhqir hesab edərək, icazə vermədim. Başında Kremlin
qırmızı ulduzu parlayan Yolka bizim üçün evimizi işğal etmiş sovet əsgərinin
simvolu idi. Minlərlə ailə belə düşünürdü.
Şəhər yerində yaşayıb-böyüyən, ancaq rus təhsilinə
pərəstişi qəbul etməyən, milli kimliyini dərk edən bütün uşaqlar balaca millətçilərə
çevrildi. Yox, bu millətçilər üç barmağını birləşdirib ulayan gic bozqurdlardan
deyildi. Onların hərəkəti indikilərlə müqayisədə maarifçilik idi. Rus şerlər,
tapmacalar azərbaycan versiyası ilə əvəz edilir, danışıq dilindən tək-tük sözlər
çıxarılır, buna görə irad tutulurdu. Atalar mağazalardan daha rusca yox, öz
dillərində nağıl, povest kitabları alırdı. Artıq məhlədəki rus uşaqlardan da azərbaycanca
danışmaları tələb olunurdu.
20 yanvar tək olmadı. Tək olsaydı, bəlkə
Yolka sevinci qayıdardı. Sonra müharibə gəldi, müharibədən şəhid xəbərləri. AXC
hakimiyyətinin devrilməsi məyusluğu. Əliyev dövrünün işsizliyi, yoxluğu. O
yoxluğu Yolka sevinci əvəzinə AzTV-nin "Kərbala müsibəti" doldurdu.
İndi də Yolka bəzənir. Amma o sevinc, o ruh
yoxdur. Eynilik yoxdur, həmrəylik yoxdur. Uşaqların saqqalı "Ded
Moroz"u yoxdur. Saqqalsız Ulu Öndər Babası var. Qar qızı əvəzinə birinci
ledisi, Qar adamı yerinə Hacıbalası var.
Yolka yenə son texnologiya ilə bəzənəcək.
Amma sovet Yolkasının sevinci bir daha qayıtmayacaq. Artıq o boşluğu heç nə
doldurmayacaq. Çünki Yolkanın kök atıb yaşaracağı boşluq da yoxdur.



Комментариев нет:
Отправить комментарий