Yenə ajiotaj. Bu dəfə internet aləmi Emin
Millinin son bloq yazısını müzakirə edir. Yazı "Azərbaycan" qəzeti,
23 Oktyabr, 1993 sayından çıxarış edilən məqalə haqdadır. Elçibəy 1975-ci ilin fevralın 6-da DTK-nın sədrinə,
yoldaş Karsilnikova yazdığı məktubda özünü doğrultmaq üçün daha bir şans istəyir
və söz verir ki, bundan sonra dövlətin və partiyanın leninçi siyasətini müdafiə
edəcək. Bloq yazısının sonunda Elçibəy ittiham edilir. Cəbhə höküməti
arxivləri açmamaqda günahlandırılır.
Doğrusu, Əbülfəz Elçibəyin 70-ci illərdə nə
yazıb-yazmadığı, fikirlərindən imtina edib-etmədiyi önəmli deyil. O illərdə
İsus Xristos kimi Elçibəyin (o zaman Əbülfəz Əliyev) fikirləri ardınca gedənlərin
sayı 10-15 tələbəsini keçmirdi. Söylənilən fikirlər cəmiyyətin tələbatı olsa
da, dərk edilən dəyərləri deyildi. Nə Elçibəy, nə o zamanın insanı, nə də bugünün
gənci bir şey itirmiş sayılmaz.
Məktubun yalan ya həqiqi olmasına qaldıqda. Məktub
çap edildiyi ay Heydər Əliyev təzə prezident seçilmişdi. Hələ də nüfuzu ağır
basan Elçibəyi qaralamaq üçün hər cür kompramatdan istifadə edilməsi təbiidir.
Yalan məlumat olsa belə.
Hesab edək ki, məktub həqiqətdir. O zaman Emin
Millinin "DTK (KQB) arxivləri niyə açılmadı?" iddiası bu məktubla
alt-üst olur. Deməli, lazım olanda arxivlər açılırmış və orda illərlə yatan məktublar
çap edilmək üçün qəzetə verilirmiş.
Arxiv açılması məsələsi Qoqolun "Müfəttiş"
əsərinin sonunda məktub oxunması səhnəsi kimidir. Adlar və əməllər bir-bir
oxunur. Kiminsə adı çəkiləndə o dayandırılmasını tələb edir. Amma başqaları
buna etiraz edir. 1992-93də arxivlərin açılması şəraitində belə qəzet səhifələrinə
kimlərin adının çıxacağı mübahisə məsələsi kimi qalacaqdı.
Arxivlər açılmasa da, Elçibəyin "Hər
şeyin zamana ehtiyacı var" cümləsi özünü göstərdi. Arxiv kimi adamlar
danışdı. Məlum oldu ki, Heydər Əliyevi hakimiyyətə dəvət edən Elçibəy yox, ona
bu xahişlə elçi düşən Pənah Hüseyn imiş. "Şuşa getsə, alnıma güllə çaxacam"
söhbəti Rəhim Qazıyevin yox, Əliyevin buraxdığı dezinformasiya imiş.
70-ci illərdə yazılan məktub günümüz üçün heç
nə ifadə etməsə də, 1993-cü ilin iyununda hakimiyyəti qoyub Kələkiyə getməsini
tarix Elçibəyə bağışlamayacaq. Tarix heç zaman iradəsizləri qəbul etməyib.
Çünki o, özü iradələr mübarizəsinin arxividir. Xalq verən hakimiyyəti qiymaçıya tərk etmək, öhdəsinə on minlərlə insanın həyatı verilən komandanın
ordusunu qoyub qaçması kimi rüsvayçı addımdır.
Tarix idealistləri də əfv etmir. Amma uca
tutur və yaşadır. Elçibəy də Azərbaycan tarixinin idealisti kimi yad edilib,
iradəsizi kimi ittiham ediləcək.
Elçibəyin iradəsizliyini çox zaman
"Qardaş qanı tökülməsin deyə etdi" arqumenti ilə əsaslandırırlar. Bir
şey deyim. Yadda saxlayın! Əsgərini qırdırmaqdan qorxan komandandan qalib, kimsənin
xətrinə dəyməyə çəkinən şəxsdən sədr, "Azərbaycan Liviya, Suriya
olmasın" deyən siyasidən inqilab lideri ola bilməz.
Qan tökülsün ya tökülməsin dilemmasına Napoleon
"Əsgər ehtiyatının qeydinə qalan general döyüş uda bilməz" deyə cavab
verib. Əldə çıxan altıncı barmaq da kəsiləndə ağrıyır. Amma xırp deyib kəsməsən,
eybini ömür boyu daşıyacaqsan.
Sonradan "qardaş qanı tökülməsin",
"milləti qırğına verəcəkdilər" arqumentindən çoxları istifadə etdi.
2003-cü ilin 16 oktyabrında İsa Qəmbərin evdə gizlənməsi hadisəsi kimi. Onu
deyim ki, "milləti qırğına verəcəkdilər" söhbəti cəfəngiyyatdır. Milləti
onsuz da qırğına vermişdilər. Amma odlu silah yerinə dəyənəkdən istifadə
edirdilər.
2005-in 26 noyabrında bu cəfəngiyyatı darmadağın
edən digər bir hadisə baş verdi. Yenə eyni adam, eyni hərəkət. Nə yaxşı ki, Qələbə
meydanında demokratik düşərgənin şərəfini qurtaracaq daha iki lider vardı.
Qayıdaq Emin Milliyə. Emin Milli Elçibəyi
ittiham edəcək və bütləri dağıdacaq adammıdır?
Əvvala deyim ki, "Elçibəy yolu"
deyilən şey dəyər deyil, bütdür. Biz "Elçibəy yolu" gediriksə, Elçibəy
hansı yolu gedib? Onun ömrü boyu getdiyi və uğrunda mübarizə apardığı tək yol
olub. O da demokratiyadır.
Elçibəyin bir məktubu istisna (onun da həqiqiliyi
bəlli deyil), Emin Millinin demokratiya yolu daim ziqzaqlar cızıb. Əvvəlcə
hökümət layihələrində əməkdaşlıq, sonra "inqilab yox, change istəyirəm"
şüarı, həbs, ardınca susqunluq, inqilaba çağırış və tərs dönmələr.
Şəxsi nümunə
2010-cu ilin 20 mayı idi. 10
may aksiyasından əvvəl həbs edilmiş AXCP GK-nın sədri Əbülfəz Qurbanlı məsləhətləşmək
üçün Emin Millinin bulvara dəvət etmişdi. Mən daxil ictimai sektorun bir çox gənci
o görüşdə idi. Söhbətin ortasında Emin
digər gənclərə səsləndi: "Siz heç Qandini tanıyırsız, bilirsiz o nələr
edib?" Dinləyənlər arasında Qandini tanıyanlar olsa da, hamı susdu ki,
Emin nə deyəcək. O, Qandinin dəniz suyunu qurudub duza çevirməsindən, bununla
ingilis monopoliyasına son qoymasından, cəhrədə özünə paltar əyirməsindən
danışdı.
Ömrünü lüks konfrans zallarında, xarici
universitetlərdə keçirən adamın gedib Xəzərin nəcis üzən suyundan özünə duz
qurudacağı iddiası gülməli gəlirdi. Amma hamı kimi söhbətin sonunu gözlədik. Birdən
Müsavat GT sədri Tural Abbaslı Eminə qayıtdı: "Nəsə yadıma gəlir. O
Qandinin tərəfdarlarının arasında başına benzin töküb özünü yandıran rahiblər də
vardı. Bizdə özünü kim yandıracaq?" Təsadüfi verilmiş bu ritorik sual Eminə sillə kimi dəydi.
Ortaya sükut çökdü.
Sözümün canı odur ki, dəyərlərinə sahib
çıxacaq adamı lider edəcək keyfiyyət nə xarici diplomu, nə oxuduğu kitablar, nə
də bir neçə dil bilməsidir. Ancaq və ancaq başqalarına öhdəlik yeri qoymayacaq
şəxsi nümunədir. Bir dəfə altına girdinsə, İsanın xaçı kimi ömür boyu
daşımalısan. Ya da birdəfəlik susmalısan!
Eminin həbsə düşməsi zatən Qərbdə oxuyub gəlmiş,
burda müxalifəti bəyənməyən qlamur liberalların "siyasi qandizm" hərəkatının
sonu oldu. Elçibəyin dəyərlərindən imtina etməsi iradına gəldikdə, mətbuat nə
zaman Emin Millidən dəyərlərə sadiqlik haqda soruşub, o, "mən siyasətçi
deyiləm" cümləsi ilə yaxasını kənara çəkib.
Məlum olur ki, bloqu olmayan gənci
"bloqqer", "mən siyasətçi deyiləm" deyən şəxsi siyasi məhbus
kimi müdafiə etmişik. Müdafiəni borcumuz sayaq. Bəs bu davranış liderliyinə
ümidkar olan minlərlə gəncin axmaq yerinə qoyulması deyilmi?!
14.05.2011 Qafqazinfo.az saytına verilən
müsahibədən:
- Həbsdən əvvəlki aktivliyiniz də indi yoxdur. Səbəb nədir?- Müxalifət partiyaları artıq dissident klubların səviyyəsinə gəlib. Mən baxıram, gənclər arasında daha çox yuxu, passivlik kimi yeni bir mərhələyə qədəm qoyulub. Çox fərqli bir vəziyyətdir.
- Nədən siz son günlər baş verən heç bir etiraz aksiyasında iştirak etmədiniz?- Mən şərti azadlıqdayam. Bu o deməkdir ki, əgər polislər məni haradasa saxlasa onlar məni digər nümayişçilər kimi bir neçə sutka saxlayıb buraxmayacaqlar. Birbaşa həbsə göndərəcəkdilər...
Bu müsahibədəki iddialar gənclərin "11
mart aksiyası", müxalifətin "aprel aksiyaları"ndan sonra səsləndilrilir.
Dəyərlərə sadiqlik şərti azadlıq müddətinə qurban verilir. Və bütün bunlardan
sonra 1 mart 2012də Emin inqilabi çağırış edir və müxalifət liderlərini qorxaq
adlandırır.
İddiası olan hər kəs bunu şəxsi nümunədə
sübut etməyə məhkumdur. Topu bəhanələrə atmaqla nə bütləri qırmaq olar, nə dəyərlərə
sahib çıxmaq. Hərbi məsuliyyət çəkmək istəməyən millətin məsuliyyətini, dəyərlərindən
ziqzaq çəkən demokratiyanın xaçını çəkə bilməz. Mətbuat onlardan demokratiyanın
"xaç atası" düzəltsə də.
Mən sizə nə özünüzə lider seçməyi, nə də çox
oxumağı məsləhət görürəm. İntellekti ancaq xarici diplomuna, liderlik iddiası
qorxaqlığa söykənənlərin boş qoz çıxmasını görmüşük, görəcəyik. Bu gənc lider
qozları hakimiyyət yox, zamanın tələbi sındırdı. Nə isə, hər kəsi öz tərəzisində
çəkin.

Комментариев нет:
Отправить комментарий