Bir neçə gün öncə "Əsgər ölümünə
son!" aksiyasından yayılan video yadınızda olar. Jurnalist Xədicə
İsmayılova bir dəstə adamı başına yığıb, YAP-ın qərargahı qarşısında qışqırır:
"Ali Baş Komandan cavab ver bizə", "Ordu hamınındır!" Dəstə
də dediklərini təkrarlayır. Videokadrlara baxıb öz-özümə dedim: "Bunlar nə
edirlər? Kimdən cavab istəyirlər?"
O adamdan ki, hakimiyyətdə olduğu 10
ildə bircə dəfə jurnalistlər qarşısına çıxıb açıq müsahibə verməyib. Vətəndaşa,
jurnalistə ikrah hissi ilə yanaşıb. Xədicə özünü dolayıb, ya ətrafını?
Cavab özünü çox gözlətmədi: "Biz heç
vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər,
ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik".
Əliyev başa saldı ki, ordu da onundur, əsgər
meyiti də. Heç kəs ondan hesabat istəyə bilməz. Tələb edən vətəndaş yox,
ünsürdür. Bunu istəyirdiniz? Aldız cavabınızı.
Xədicə və "kruq"u istədiyini
qışqıra bilər. Bu məni o qədər narahat etməz. Ancaq əsl üzücü məqam AXCP GK gənclərinin
bu şüarları məntiqsizcə tutuquşu kimi təkrarlaması idi. Şən maarifçilər hər dəfə
mıxa keçəndə prezidentə yollamaq üçün imza toplama kampaniyası keçirmək,
virtual petisiya təşkil etmək kimi işlərdən yapışırlar. Etdikləri hər işə
hakimiyyət gülüb keçsə də, adları olur ki, "sənin azad olman üçün böyük iş
gördük".
Bəs siz siyasi gənclik? İllərin təcrübəsindən
də ağıllanmadınızmı? Alabaş komandandan cavab gözləyəcək qədər avamsız.
Xədicənin Çevik Alay polisinin yaxasından
tutub "Mən sizə hörmət eləmək istəyirəm. Bir dəfə yox deyin!" cümləsi
isə talehin ironiyası idi. Əvvəllər avam müxalifətçilər belə sözləri çox təkrarlayardılar:
"Polis də qardaşımızdır", "gün gələcək polis xalqın tərəfinə keçəcək,
onları təhqir etməyək". Məni ən çox əsəbləşdirən də bu avamlığın, bu korafəhmliyin
hər dəfə təkrarlanması idi. Doğrusu,
"qardaş" da dəyənəyi ilə dəfələrlə bu gic başları özünə qaytarıb.
2003-16 oktyabr, 2005-26 noyabr və s. illər.
Müsəlman, birdəfəlik anla ki, quduz itdən qardaş
olmaz. Hələ-hələ Çevik Polis Alayının üzvündən. Polis o zaman öz quduzluğundan
dönəcək ki, utancından yaşadığı məhləyə ancaq qaranlıq düşəndən sonra girəcək.
Vətəndaş o orqana oğlu üçün karyera yeri kimi baxmayacaq. Utanc yeri kimi
baxacaq. Polisə deyil, sadə insanlara "Yox!" deməyi öyrədin.
Videodan çıxarılan nəticə:
1.Polisə veriləcək ən yaxşı cavab məsləhət
yox, kaskasında həkk olunacaq təpik izidir.
2.Hakimiyyətin komandanından tutmuş siravi
yapçısına qədər heç kəsdən ciddi cavab gözləməmək. Dediklərini də məzhəkəyə
çevirmək, gülüb keçmək.
Bir neçə cümlə "5 qəpik" aksiyası
haqqında
10 min manatdan yuxarı cərimənin xırda metal
pullarla ödənilməsi kampaniyası aparılır. Uşaqların saqqız kağızı yığması kimi əyləncəli
bir şeydir. Ancaq heç bir halda bu qədər yüksək cəriməni ödəmək olmaz.
Univeristetdə rüşvətxor müəllimlə mübarizənin ən yaxşı metodu ilk dəfədən pul
verməmək idi. O tələbə ki, birinci kursdan rüşvət verib qiymət alırdı, dörd il boyu bütün
kafedra o tələbəni soyurdu. İmtahana əla cavab versə belə. Kimki dirənirdi,
"5" yazmasalar da, "4" yazırdılar ki, gedib kənarda artıq-əksik
danışmasın. Tülkü hinə dadansa, polisin maaşını sizin cibinizdən verməyə başlarlar.
Cəriməni qəpiklər şəklində ödəməyi düşünürsüzsə,
bilin ki, hakimiyyəti yox, özünüzü dolayırsınız. Bank kassirinin işi elə pul
saymaqdan ibarətdir də. Təhvil verdiyiniz qəpikləri Siyavuş Novruzov, Fəzail
Ağamalı saymayacaq. Kassir sayacaq. Çek almaq üçün saatlarla gözləyib vaxt itirən
siz olacaqsız.
Onsuz da hökümətin kiçik nominallı qəpikləri
dövriyyədən çıxarmaq planı var. Bunu metro kassaları vasitəsilə edirlər. Aksiyanızla
hökümətin işinə köməkçi olmuş olarsınız.
Yox əgər yığılan pulları şəhid ailələlərinə
verəcəksizsə, adam balası kimi əskinaslarla ianə yığın. Camaatla oyun
oynamayın. 12 yanvar mitinqi kimi başqa heç bir aksiya gəncləri birləşdirə bilməz.
Şən maarifçiliyi qoyun kənara. H.Əliyevin sözü olmasın: "Movqeyiniz
olsun!"


Комментариев нет:
Отправить комментарий