Uzun müddətdir müxalif düşərgəni tənqid edən
yazı yazmırdım. Eyibsiz gözəl olduqlarına görə deyil, nəticə çıxarmadıqlarına
görə artıq enerji sərf etmirdim. Amma Arif Hacılının Kulis.az saytına verdiyi
müsahibəni oxuyunca, "bir yerə qədər" dedim.
Sıradan adam üçün adi müsahibə, müxalifət
partiyasının lideri olmağa iddialı birisi üçün əsl rüsvayçılıqdır. Cəmi bir
sual cavab hər şeyə işıq salır.
- Özünüzü inqilabçı hesab edirsiniz?
- Mən özümü ilk növbədə vətənpərvər, demokrat, islahatçı hesab edirəm.
Sonrakı cümlələr sanki bir müxalifət
liderinin yox, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan ara yazıçısının fikirləridir.
"İnsan duyğularını, düşüncələrini hansısa inqilabi siyasi fəaliyyətə
bağlamaq bolşevik təfəkkürün təzahürüdür". İndi gəl sübut elə ki,
bunu Fazil Mustafa, Qüdrət Həsənquliyev yox, Arif Hacılı deyib.
Əslində kimin adının necə olması önəmli
deyil, Yalıncıqın qılıncının altından gec-tez hamısı keçəcək. Necə ki, mayor Səfərovun
baltasından qorxub, YAP qərargahında Heydər Əliyev portretinin altından keçdilər.
Keçmişdə Bamsı Beyrək olmaqlarını nə qədər sırısalar da.
Adama "İnqilabçısan?" deyirlər,
"ilk növbədə islahatçıyam" cavabı verir. Bunlar deyildimi 2 apreldən
öncə İctimai Palatanın tribunasından
"İlham Əliyev istefa verməsə, Azərbaycan Misir, Liviya olacaq" deyənlər.
Yaxın ya uzaq gələcəkdə Azərbaycan adlı ölkədən nəsə olacaq. Amma sizin rəhbərliyiniz
altında zibil də olan deyil.
Və nəhayət: "İnqilabçının şeir
yazmamağı, inqilabçının ailə üzvləri ilə söhbətdə, hətta sevgilisinə yazdığı məktubda
da ancaq inqilabi şüarlar söyləməsi sovet dövrünün yanlış, bəsit, robot təfəkkürünə
uyğun olan düşüncə tərzidir, yanlış təfəkkür tərzidir və biz bu cür yanlış
düşüncə tərzinə qarşı mübarizə aparırıq".
Arif
Hacılı və digər "köhnə siyasətçilər, yeni şairlər" istəyirsiz
lap Mehriban Əliyevaya şer ithaf edin, amma o əyilən ağzınızla bolşevizmi,
sovet inqilabçılığını ləkələməyin. Bolşevik deyə ikrahla baxdığınız insanlar
inqilabın öncə ideologiyasını, sonra tarixini yazıblar. Kağız tapmayanda
inqilabi şeri quru çörəyin üzərinə həkk ediblər. Sibirdə on illərlə sürgündə
olub, dirigözlü dar ağacına gediblər. Daha 1 il 2 ay həbsdən sonra içəridən AzTV
məzmunlu məktub, "Darıxıram" adlı şer göndərməyiblər.
İllərdir müsavatçılığı Liberal internasionaldan
tutmuş Paşayevlərə qədər satdınız. Həqiqi müsavatçı ola bilmədiniz, bari
bolşevik olmaq istəyənlərin önünü kəsməyin. Arif Hacılı üçün isə bir şey yəqindir. Onun
lideri M.Ə.Rəsulzadə yox, Anar Rzayev; təşkilatı Müsavat yox, AYB olmalıdır.
Bundan sonra siyasi liderliyə iddia edib camaatı dolamayın.
Ümumiyyətlə, Azərbaycan müxalif siyasətində əcaib
tendensiya yaşanır. "İlhama istefa" deyən özünü islatçı kimi təqdim
edir, iqtidarı Liviya, Suriya ilə hədələyən Azərbaycanın Liviya, Suriya olmasını
istəmədiyini bildirir, "Əsgər ölümünə son" aksiyasını təşkil edən "siyasiləşdirməyin" çağırışı edir. Sonra da "özümü öldürəcəm" deyib
hay-həşir salır.
Qardaş siz nə istəyirsiniz? İnqilab edəcəksinizsə,
inqilab edəcək adam deyilsiz. Siyasi olmağından qorxacaqsızsa, aksiya yox, sirk təşkil edin. Biz də baxaq əylənək.
Aksiya demişkən, Rövşən Nəsirlinin bir fikri
maraqlı gəldi: "16.13-də Fəvvarələr meydanına çatdım. Hamı dağılmışdı.
Meydana basın açıqlaması etməyə gəlmirsən ki. Niyə heç nə olmamış
"dağılın, dağılın, provakasiya ola bilər" panikası yayırsız?" -
Doğrudan minlərlə adamı ora yığmaqda məqsəd nə idi? 2-3 şüar səsləndirib sonra
polisin əvəzinə "dağılın" demək? Minlərlə gəncin enerjisini 13 dəqiqədə
boşaltmaq?
Həmin aksiya ilə bağlı bir videoya baxdım. Xədicə
İsmayılova bir dəstə adamı başına yığıb polisə "hörmət" eləyir. Sanki
aksiya yox, Xədicə İsmayılovanın baş rolda iştirakı ilə massovka çəkilişidir. Hər
tərəfdən 3-4 videokamera işləyir. Obyektivdə Xədicə. Xədicə çoxdanın
artistidir. Belə getsə Azərbaycanda rol almadığı film janrı qalmayacaq. Hakimiyyət
Xədicəni eşitdi. Onun "hörmət etmək" istəyini aksiyaçılara yazılan 10
min manatdan artıq cərimə ilə çıxdı. Xədicənin "kruq"u isə sudan quru
çıxdı. Bəs o birilərinə nə deməli?
Bir də görürəm ki, AXCP GK sədri Əbülfəz
Qurbanlı Xədicənin yanında quzu kimi gəzir. Azərbaycanda inqilabi gəncliyin
lideri olacaq bu şəxs etirazçı gəncliyi polis kordonunun üzərinə aparmaq əvəzinə
xəccələrin quyruğu tək qərarsız dolaşır.
Problem burda təkcə Əbülfəzin düşüncə tərzində
deyil, ümumi partiya və müxalif strukturlaşmadadır. Bəlkə da hakimiyyətin
müxalifətə təsir etmədiyinə inanırsız, amma sizi əmin edirəm ki, xəccələr
müxalifəti mexaniki oyuncaq ayı kimi burmağı bacarır. Üstəlik burub istədikləri səmtə də yönəldirlər.
Əgər bir partiya funksioneri Xədicələrin
"Bu nədir? Adamlarınızın əl-ayağını da yığa bilmirsiz" sözü ilə
siravi partiya üzvünün üzünə durursa və üstəlik ondan susmağı tələb edirsə, inanın
bu adamların kukladan fərqi yoxdur. Sadəcə hakimiyyətin acizliyi olub ki, xədicələr
qədər fərasətli ola bilməyib. Yöntəmin tapa bilməyib.
Yazını yazarkən son olaraq qəti bir nəticəyə
gəldim. Azərbaycanda kütlələrin hərəkatını inqilaba çevirəcək nə bir siyasi
lider, nə də ideoloji beyin məhsulu var. Boşuna göstərilən nümunələr və o nümunələrdən
geri addım atmalar nə qədər desəniz var. Amma bişmiş xörəyimiz yoxdur.
Azərbaycanda nə vaxtsa inqilab olacaq. Ancaq
bu inqilabi bugünki siyasi konyuktura etməyəcək. Heç müxalifətə yuxarıdan baxan
Milli gədələr də etməyəcək. Edəcəksə, kənardan bizə dəli kimi görünən Rövşən Nəsirli
düşüncəli gənclər edəcək. Daha qorxunc, daha sərt basan inqtiqamçı kütlə edəcək.
Amma ən doğru olanını da elə onlar edəcək.

Комментариев нет:
Отправить комментарий