Hər dəfə
saxtakarın, rüşvətxorun bayraq sevgisini görəndə nədənsə yadıma
"Spasibo" filmi düşür. Daha dəqiq filmdə çükünü
sallaya-sallaya üçrəngli yorğan altından çıxan çılpaq uşaq. Aktyor Nicat
Kazımovun baş rolda oynadığı "Spasibo" filmi 1998-ci ildə çəkilib.
Zamanında film diqqət çəkməmişdi. Çünki bugünləri hələ yaşamamışdıq.
Filmə bir də baxdım. Faciəvi komediyada oynayan bayraq dirəyi satmaqla özünə pul qazanan kasıb müəllim deyilmiş, azərbaycan xalqı imiş. Dövrü üçün adi səhnə işi, günümüz üçün budda əsərdir.
Filmə bir də baxdım. Faciəvi komediyada oynayan bayraq dirəyi satmaqla özünə pul qazanan kasıb müəllim deyilmiş, azərbaycan xalqı imiş. Dövrü üçün adi səhnə işi, günümüz üçün budda əsərdir.
Evlənmək istəyən kasıb müəllimin
dəyərləri bayraq deyil, bayrağın dirəyidir. O sovet bayraqlarından bel sapı düzəldib
satır, pul qazanır. Tanış gəlirmi? 162 metr hündürlükdə bayrağın ancaq dirəyinə
İlham Əliyev on milyonlarla xərc çəkmişdi. Əlbəttə, öz cibindən yox. Abbasəli məktəb
anbarından oğurluq edirdi, Əliyev vətəndaşın büdcəsindən.
Azərbaycanlılar yeganə xalqdır
ki, bayrağının üzərindəki dəyərlərdən məhrum ola-ola "Bayraq günü"nü
qeyd edirlər. Yer üzündə bədbəxt xalqlar çoxdur. Amma mən yenə də analoqsuz
olduğumuza inanmaq istəyirəm. Müstəqillik dövründə bu bayraq heç zaman ali dəyərlərin
vəhdəti olmadı. SSRİ-in oraq çəkicinin ay-ulduzlu əvəzedicisi kimi gəldi.
Türkçü mavisindən, islamçı yaşıldan, qərbsevərlər qırmızıdan yapışıb, hərə bir
tərəfə dartdı.
Fikir verin. Bayrağımızda
türkçülüyün, islamiyyətin, hətta avropalaşmağın rəmzləri var. Bircə azadlıq
yoxdur. Azadlığın ən azı simvol olmadığı yerdə heç bir ideologiya azad ola bilməz.
Olsa-olsa imitasiya
olunar.
"Spasibo"da dahiyanə bir səhnə var. Üçrəngli
yorğan tikən Abbasəlinin anası soruşur ki, "bəs qırmızı parça hanı?".
Oğlan deyir ki, "qırmızını neynirsiz? özüm almamışam. Sovetin
qırmızısından istifadə edin". Azərbaycan bayrağını ifadə edəcək bu qədər
ironik, amma həqiqi cümlə yoxdur. Müstəqilliklə bir yerdə azadlığın simvolu
qırmızı gəlmədi. O qırmızı ilə totalitarizmin daha pis forması - avtoritarizm gəldi.
Arada proletariatın oraq çəkici getdi.
Abbasəlinin zifaf gecəsi də üçrəngli
yorğanın altında keçir. Təbii ki, yengə nəzarətində. Küncündə bayraq dalğalanan
kanallarda nələr görmədik ki. Orada bizə porno da göstərdilər, milli mənəvi dəyərləri
aşılayan seks də. Bayrağa bürünən fahişəni də gördük, dəyərlərinə tüpürüb rənginə
şer deyən deputatı da. O bayrağın altında bicbalalar doğuldu, böyüdü, amma
bayrağın deyil, heykəlin qarşısında baş əydilər. Bayraq sapı ilə oğurluqların ən
müqəddəsini gerçəkləşdirdik.
Vətəndaşı dəyərlərinə sahib
çıxmadığı ölkənin bayrağından milli rəmz olmaz, olsa-olsa rəngli əski parçası
olar. Ona bürünmək, şəkil çəkdirmək olar. Gülər Əhmədovaların döşünə taxmaq
olar. Üstünə öndər və davamçısının şəklini yapışdırmaq olar. Bir sözlə hər şey
etmək olar, bayraq etməkdən savayı.
"Spasibo"nun sonu Azərbaycanın taleyi
kimi traqikomik bitir. Torpağa bayraq əkən uşaq soruşur: "Ata,
bayrağa su verdim, böyüyəcək?, "Böyüyəcək mənim balam, böyüyəcək".
Bayraq meydanına əkilən, dibinə korrupsiya pulundan su verilən bayraq
böyüdü-böyüdü. Axırda dar ağacına çevrildi. Quru yerdə yox, azərbaycanlıların
faciəsi, bədbəxtlikləri üzərində əkildi. Nə qədər ironik görünsə də, yer Bayıl
həbsxanası seçildi.
Film "Filmin sonu" titri ilə yox,
Heydər Əliyevin bu sözləri ilə bitir. "Azərbaycanın bayrağı dövlətçiliyimizin,
müstəqilliyimizin rəmzidir. Ona sitayiş hər bir cocuqda, yeniyetmədə ilahiləşdirilməlidir.
Hər bir ailə ona itaət etməlidir". Adi sözlər deyil, həqiqətin özü
danışır. Adi azərbaycanlının bayraq sevgisi ola bilməz, olmamalıdır da. Onun
şüurunda ancaq ilahiləşdirilmiş, müti sitayiş olmalıdır. Bunu sizə ulu öndəriniz
deyir.
Abbasəli də sadə azərbaycanlı
kimi ona nə edirlərsə, "spasibo" deyir. Əsgər dəyənəyi yeyir
"spasibo", çörək alır "spasibo", alçaldılanda da
"spasibo". Mən də yazımı Abbasəli kimi bitirmək istəyirəm. Vurduğun dəyənəklərə,
halal etdiyin vergilərimizə, boğduğun azadlıqlarımıza baxmayaraq, sənə
"spasibo" deyirəm, "Spasibo İлХАМ".
Kultura.az 10.11.2012

Комментариев нет:
Отправить комментарий