Başlanğıc...

Paz-zollayaninin köşəsi

пятница, 16 сентября 2011 г.

“Azadlıq”dan nə istəyirlər?

Son aylar “Azadlıq” qəzetinin saytının (www.azadliq.info) açılmaması adi hal olub. Səbəbi aydındır. Ölkədə “Azadlıq”a hücum var. Bütün sahələrdə olduğu kimi “Azadlıq”ın təkcə satdığı qəzetə deyil, həm də virtual resursuna hücum davam edir.

Hücum edən kimdir? Birmənalı şəkildə hakimiyyət. Qorxuları nədir? 

SÖZ – Bəşəriyyətin icad etdiyi ən qorxulu və ən faydalı silah. Azad söz milyonları susdurmaq istəyənlər üçün daim qorxudur. Çünki bir gün bu silahın aramsız atəşlə özlərini vuracağını bilirlər. O sözü, oxuyanlar, eşidənlər isə azad olmağa ən yaxın insanlardır.

22 illik ömründə “Azadlıq” təkcə azadlığın özü olmadı. Hüquqdan, məhkəmədən, Əliyevlərdən ümidi kəsilənin ümid yeri oldu. “Azadlıq”a ölkədə qalan tək müstəqil qəzet desəm səhv etmərəm. Azad mətbuatın məhv edildiyi bir ölkədə mətbuatı müstəqil, müxalif deyə bölməyin mənası qalmayıb belə. Həqiqəti yazmaqdan, Ailəni tənqid etməkdən qorxmursansa, təlimatları Prezident Aparatından almırsansa, deməli həm azadsan, həm müstəqil.

22 ildə “Azadlıq”a nələr etmədilər? Halal redaksiyasını əlindən aldılar. Onlarla jurnalistini əzdilər, şərləyib həbsə atdılar.  Pulla alına bilənəni satın aldılar. Satışını, gəlirini hər vasitələ əngəllədilər. İndi isə heç bir pul gətirməyən internet saytdan qorxurlar. “Azadlıq” ayaqdadır, “Azadlıq” azad sözün keşiyindədir. Vursalar da, didsələr də, diş qıcıyıb hürsələr də.

“Azadlıq” necə qəzetdir?


“Azadlıq” o qəzetdir ki, nə tənqiddən qorxur, nə prezidentdən.
“Azadlıq” o qəzetdir ki, baş redaktoru hər ay DİN-in, PA-nın qonağı olmur. Təlimatlar alıb müxalifətin təkərinə çomaq soxmur.
“Azadlıq” o qəzetdir ki, “Wikileaks”in hakimiyyət haqqında verdiyi bütün ifşaedici həqiqətləri gizlətmədən çatdırır.
“Azadlıq” o qəzetdir ki, Əliyevlər ailəsinin üzvlərinin adını çəkməkdən qorxmur. İlham Əliyevin ailəsinin Azərbaycanın az qala yarısını özəlləşdirməsi haqda yazını çap edir.
“Azadlıq” qəzeti o qəzetdir ki, baş redaktorunun ailəsi təhdid olunur. Ancaq hakimiyyətə satılmağı düşüncəsindən belə keçirmir.
“Azadlıq” o qəzetdir ki, “Azadlıqdan Tiranlığa” kitabını səhifə-səhifə verən zaman dostları tərəfindən belə təkləndi.
“Azadlıq” bax belə qəzetdir.

Bəs avtoritarizmin yanında olmayıb, “Azadlıq”a dil uzadanlar kimlərdir? O şəxslər ki, 40 qəpik verməyə canı çıxır. Ancaq xırda mənfilik görəndə cəllad kəsilirlər. Niyə qəzet almırsan? deyə soruşanda “oxumalı bir şey olsun ki, oxuyum” deyə bəhanə gətirirlər. Danışdıranda məlum olur ki, “Azadlıq”ın veb saytında hansı xəbərin manşet olduğundan da xəbəri var.

Mən daxil qəzetin kollektivi ilə hər kəsin şəxsi narazılığı ola bilər. Bəli, tənbəllik, biganəlik, şəxsi ədavət azərbaycanlılığımıza xasdır. Bəs qəzetə düşmən kəsilmək nə deməkdir? Qəzetin köşə yazarına dəstək olduğunu göstərib, “bu qəzeti almayın” çağırışı etmək nə məntiqdir? “Azadlıq” qəzetindən tələbləriniz çoxdur. Dəstəyinizin altında bircə cümlə həqiqət yatırsa, onda dəstək verdiyiniz köşə yazarının hava və su ilə qidalanmadığını anlayın. Rüşvət deyil, qəzet almaqla yazarın haqqını verin.

Qəzetdən davamlı, təhlükəsiz veb sayt istəyirsinizsə bu da pul deməkdir. Əlavə səhifələr, maraqlı reportajlar istəyirsinizsə, hər səhifə əlavə jurnalist ştatı deməkdir. Əlavə maaş deməkdir.

Saunadakı fahişəyə uf demədən 50 manat verənlər, bir yeməyə 30 manat şot verməklə öyünənlər, ayda 20 manat məcburi internet haqqı ödəyənlər 40 qəpik verib qəzet almaq nə cibinizi yandırar, nə əlinizi. İgidi tənqid edin, ancaq əvvəlcə 40 qəpiklik haqqını verin.

Nə desələr, sözümüzü kəssələr, hərdən iynələsələr azad sözə acanda ürək bir “Azadlıq” istər.

Комментариев нет:

Отправить комментарий