Başlanğıc...

Paz-zollayaninin köşəsi

суббота, 24 сентября 2011 г.

Ya siz olsaydınız?

Kimlərdir onlar? Cabbarlar, Bəxtiyarlar, Turallar, Əhədlər, Rüfətlər, Elnurlar. Sizlərin azad yaşaması, rahat gələcəyi uğrunda özlərini fəda etmiş insanlar. Bugün onlar həbsdədir. Onların hər biri təkdir. Amma yüzlərlə gəncə məxsus iradəni, mübarizliyi, intellekti birləşdirirlər özlərində. Edə biləcəkləri çox şeydən məhrumdurlar. Ya bizlər?

Bizlər onların etmək istədiklərini edirikmi? Hər gün dəstək veririkmi? Yaxud laqeydliyimizə, qorxumuza qapılıb miskin meşşanın həyatını davam etdirirk.
 
Maddi kömək etmək, aksiya ilə dəstək olmaq, ailələrinə baş çəkmək, məhkəmələrinə getmək bir yana onlara virtual aksiyalarla dəstək verməyə başladıq. İlk saydıqlarımı edənlər və etməyənlər ortada. Sayları məhduddur. Ya internet? Onun sərhədləri nə ilə məhdulaşır?

İradım “Elnur Məcidliyə dəstək” adlı facebookda yaratdığımız virtual tədbirə olacaq. Gün müəyyən edib tvitter və facebook statuslarında onları yad edəcəkdik. Tanımayanlara tanıtdıracaqdıq. Tədbirə qatılan və qatılmayanların siyahısına baxdım. Qarşıma ürəkbulandırcı mənzərə çıxdı. “Qatılmıram” deyənlər arasında onlarla demokratik düşərgəyə məxsus xeyli gənc vardı. Mən orada irəliçiləri axtarmırdım, yapçıları axtarmırdım, heç facebooka qız tutmuğa gəlmiş gəncləri də axtarmırdım. Bəs sizlərə nə oldu sayın demokratlar?

Bari o gün heç nə etməzdiniz. Facebooka, tvitterə belə girməzdiniz. Ancaq bir dəfə tıklamaqla dəstək olardınız. Saydığım məhbus gənclərin heç biri etdikərinizi görmür. Amma facebookda olan valideynləri, yaxınları görür. Onları ki, bu ölkədə gəncliyin ölmədiyinə inandıra bilərdiniz.

Gənc siyasi məhbuslarla bağlı ilk aksiya Cabbar Savalanlı üçün oldu. Yaxşı aksiya oldu. Amma sonra? Dalğadan sunamiyə çevrilmək əvəzinə sönə-sönə getdiniz. Su üzərindəki dairəyə bənzədiniz. Halbuki nə iddianız, nə vicdanınız buna yol verməməliydi.

İnternet böyük gücdür. Facebook isə bu gücün lokomotivi. “Kimə xeyri var bunun?” deyənlər mart-aprel aylarını yada salsın. Hakimiyyətin təşvişini xatırlasın. Bütün bunlar internetin, fədəkar gənclərin nəticəsi idi. İlk kütləvi aksiyanı Fransadakı dostumuz Elnur Məcidli təşkil elədi. Uğurlu da alındı. Daha bir neçə aksiya təşkil olundu. Bəs burdakılar nə etdilər? “Sən xaricdə oturmusan deyə belə yazırsan”, “Sənin aksiyalarını qınıyırıq” deyə-deyə dil uzatdılar. Deyənlər yapçı, irəliçi deyildi, elə burda demokratik imicə iddia edənlər idi. Bunu deyənlər o şəxslər idi ki, ortaya heç bir təşəbbüs qoymurdular. Amma başqasının uğuru qarşısında mənən əzilirdilər.

Unutmuşdular ki, Elnur Məcidli illər sonra vətəninə qayıdıb, doğma qohumları ilə düşmən kəsilmişdi. O qohumlar ki, artıq rejimin siyasi qulları idi. Nəyə görə məhrum etmişdi özünü doğmalarından? Saxta sistemin saxta seçkisində yeganə azad namizəd olmaq uğruna. Onu da soyutdular. Bu Elnur Məcidlini qınadınız, həbsdə olan Elnur Məcidliyə niyə dəstək vermirsiniz?

Fədakar insanlar hər yerdə fədakardır. Ya burda, ya xaricdə. Qorxaqların isə hər zaman bəhanəsi olub, olacaq da.

Bloqqer Şıxı Bayramlının bir ifadəsi var – “young activist”. İroniya dolu bu ifadəni əvvəllər qəribçiliyə salırdım. Bəlkə də bu sözlə ən az əlaqəsi olan adamlara zarafat şəklində ünvanladığı üçün. Amma bu sektoru tanıdıqca ifadənin nə dərəcə siyasi sarkzm daşıdığını anlarsınız. “young activist” sadəcə bir yarlıkdır. Xarici fondlara  göndərilən CV-lərə əlavə olunmuş bir aksesuar. Bu yarlıkın altında isə yüzlərlə boş gənc yatır. İşi xarici və daxili tədbirlərdə əylənmək, həlledici məqamlarda susmaq olan gənclik.

Deyək ki, bu gənclər mitinqi bəyənmirdi, məhkəmə qarşısına gəlməyə işləri çıxırdı, maddi dəstək verməyə pulları olmurdu. Bəs iddia etdikləri intellektual mübarizə?!, internet gəncliyi necə oldu?! Facebookdan, twitterdən daha novator, daha kütləvi mübarizə üsulumu var?

Utanıram vallah. O gənclərin yayda məhbəsdə olduğunu düşünüb, istidən şikayətlənməyə utanıram. Özüm susuzluqdan oruc tuta bilməyib, zindanda nəfəsi quruyan dindardan utanıram. Onlara dəstək ola biləcəyim bircə günü itirməyimdən utanıram.

Yazını gənc siyasi məhbus Elnur Məcidlinin atası Arzuman Məcidlinin tədbirin lövhəsinə yazdığı sözlərlə bitirmək istəyirəm. “Çox heyif ki, 222 iştirakçı özünün müsbət fikrini bildirib!!!!!Biz belə iştiraknan respublikamızda heç vaxt demokratik dəyişiklərə nail ola bilmərik”

Bu sözləri adi valideyn deməyib. 23 il meydanlarda olan və bir an mübarizə əzmi sarsılmayan insan deyib. Elnur 1989da “Meydan hərəkatı” zamanı doğulmuşdu. Atası uşağının gələcəyi üçün bir kənara çəkilib sakitcə çörəyini çıxara bilərdi. Amma özü kimi minlərlə gənclə bu yolu getdi və SSRİ-ə son verdi. Oğlunu da kənarda saxlamadı. İndi bütün bu məhrumiyyətlərin qarşılığında hansısa birinizi borclu çıxarırmı?

Utanın, be utanın! Cüssənizdən olmasa da, bir gün oyanacaq vicdanınızdan utanın!

Комментариев нет:

Отправка комментария