Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 8 сентября 2011 г.

Propaqandanın iflası

Son bir ayda Azərbaycan internet mediasında ideoloji burulğan yaşanır. Vətənşüvənlik hislərinin baş qaldırdığı bu eyforik vəziyyət çoxuna ideoloji mübarizə kimi gəlsə də, məsələni analiz edərkən tam bir propaqanda fəlakəti yaşadığımız ortaya çıxır.. Söhbət “Adelinaya məktublar” seriyası ilə başlayan, Güney problemləri ilə davam edən yöndəmsiz təbliğat haqqındadır.

Bu gedişə artıq susmaq olmaz. Bu məsələlərə ayrı-ayrı yazılarda münasibət bildirəcəm. İndi isə erməni tərəfinə məktublar haqda. Düz bir ay əvvəl Stepanakert(Xankəndi) sakini 13 yaşlı Adelinanın İlham Əliyevə göndərdiyi məktuba cavab seriyası başladı.

 İlk cavabı İlham Əliyev deyil, Prezident Aparatının məmuru Elnur Aslanov verdi. Məktublar Azərbaycanın dövlət sisteminin, ideoloji mübarizənin boşluqlarını ortaya çıxardı. Məlum oldu ki, xaricdən İlham Əliyevə ünvanlanan məktublara o özü cavab vermir. Yerli vətəndaşlara qaldıqda isə hər ay İlham Əliyevin adına minlərlə məktub gedir və ünvana çatmır.  Lakin prosses bir məktubla bitsəydi nə vardı ki.

Məktub necə olmalı idi? İlk əvvəl məktuba başqa birisi yox, İlham Əliyev özü cavab yazmalı idi. Necəki bundan əvvəl Sarkisyan belə cavab məktubu yazmışdı. Məktub çox qısa olmalı və uşaq psixikasına hesablanmalı idi.

Məktubda müharibə situasiyasına aid heç nə işarə edilməməli, xüsusilə “lazım gələrsə” ifadəsindən qaçılmalı idi. Azərbaycanın sərt mövqeyini qoymağa ehtiyac yarandıqda, tezliklə Adelinanı bir Azərbaycan vətəndaşı kimi görməyi arzu etmək olardı.

Amma nə oldu? 13 yaşlı qıza universitet professoruna yazılacaq bir məktub yazıldı və cin şüşədən çıxdı.  Əvvala deyim ki, fərarilərdən təşkil olunmuş Azərbaycan siyasi elitasının görünüşü belə ideoloji müharibədə məğlubiyyət deməkdir. Erməni tərəfi bizim üçün düşmən, işğalçı olsa da, bugün Ermənistanda siyasi idarəçilik Qarabağı döyüşlə alanların əlindədir. Bizdən fərqli olaraq onların xalqı qarşısında alnı açıqdır.

 İlk məktubu yazan Elnur Aslanovun özü belə təhsil adı altında hərbi xidmətdən yayınıb. PA-da yüksək post tutur. Halbuki Harvardın yeganə azərbaycanlı məzunu Bəxtiyar Hacıyev eyni iddia ilə 2 il azadlıqdan məhrum edilib. Baxmayaraq ki, o da təhsilini doktaranturada davam etdirirdi.

Təbii ki, Bəxtiyarla müqayisədə Elnur Aslanov belə post tutmasını fitri istedadına deyil, anası Rəbiyyət Aslanovanın deputat mandatına borcludur. Erməni tərəfində bunu gözəl bilirlər.

Unutmayaq ki, Azərbaycan dilini mükəmməl bilən ermənilər var. Azərbaycan mediasında baş verən hadisələri gündəlik izləyir, tərcümə edib öz KİV-lərində yerləşdirirlər. Bu da onların bir üstün cəhəti.

Babək Həsənov və ailəsi
Azərbaycan hakimiyyətinin veteran və hərbçilərə olan münasibəti düşmənə münasibətdən az fərqlənir. Avqustun 26-da Qarabağ veteranı, müharibə əlili Babək Həsənov 1.6 il azadlıqdan məhrum olundu. Onun tək günahı çıxdığı mitinqdə “Azadlıq!” şüarı səsləndirməsi idi. Bayıl ərazisində yerləşən, hərbi dəniz qüvvələrinin zabitləri yaşayan evin sakinləri isə evlərindən bir əşya kimi çölə atılır. Heç bir yeni mənzil verilmədən. Sökülən evin yerində isə Eurovision yarışması üçün arena tikiləcək. Və bu vəziyyətlə Azərbaycan Qarabağı geri almağa hazırlaşır. Sadəcə utanc və iflas.

Keçək məktublara. Elnur Aslanovun cavab məktubundan sonra ard-arda hakimiyyətin internet saytlarında 13 yaşlı oğlan və qızların məktubları dərc olunmağa başladı. Əgər bir məktub hər şeyi əhatə etmişdisə, daha artığına nə ehtiyac vardı? Bunun bir neçə səbəbi var.

1. Yarımağıllı vətənşüvənləri məktub eyforiyasına cəlb etmək və ermənilərlə ideoloji müharibə cəbhəsi təəsüratı yaratmaq.
2. İlham Əliyevə olan iradlardan diqqəti yayındırmaq. Xatırladım ki, Elnur Aslanovun yazdığı və digər məktublarda Adelinanın İlham Əliyevlə bağlı iradlarına heç bir cavab verilməmişdi.
3. Ən əsası, Elnur Aslanovun yazdığı məktubun həm daxili, həm də xarici auditoriyada iflasa uğraması və Nərgiz Qazi adlanan 13 yaşlı fiqurun cismində əvvəlki səhvlərin düzəldilməsi cəhdi.

Birinci cavab məktubunun təqdim edildiyi 1news.az saytında heç kəsə məlum olmayan 13 yaşlı Nərgiz Qazinin məktubu yayımlandı. Gəlin analiz edək.

Məktub başlayan kimi Nərgiz Adelinanı SSRİ zamanında yaşamış və Andropova məktub yazan Samanta Smitə bənzədir. Əvvala, 26 il əvvəl baş vermiş bu hadisəni çətin ki, 13 yaşlı uşaq bilə bilər. Dərsliklərdə də bu məlumat tədris olunmur.

Amma Prezident Aparatında oturan köhnə kommunistlər bunu yaxşı xatırlayır. Ola bilsin ki, Nərgizin qulağına da bu məlumatı elə həmin qocalar pıçıldayıb. Adelinaya deyilir ki, məktub yazan Samanta kimi sənin 13 yaşın var. Kütbeyinliyə bax. Samanta Smit həlak olanda 13 yaşı vardı. Məktubu isə 11 yaşında yazıb. Cavab məktubunu sayta qoymazdan əvvəl bari Googleda axtarış verəydinz.

Ən əsası ilk məktubu yazan Elnur Aslanov heç nəyin fərqində olmur və adi qaydada cavab yazır. Amma Nərgiz detektivlik cəhdi göstərir. Bəlkə Elnur Aslanovun PA-dakı yerini Nərgizə verək? Nə deyirsiniz? 13 yaşlı qızın başı daha yaxşı işləyir.

Siz bu körpəyə neçə yaş verərsiz?
13 yaşlı Nərgiz Bakı incəsənət gimnaziyasında oxuyur. Azərbaycanda yaşayan hər kəs yaxşı bilir ki, ən aşağı təhsil nəticələri Qarabağ qaçqınları arasındadır. Xankəndidən olan, üstəlik rus dilində intellektual məktub yazan 13 yaşında bir qız çətinki ordan ola. Olsa-olsa Polad Bülbüloğlunun illərlə Bakıda yaşamış uzaq bir qohumu olar.

Nərgiz yazısında “Qafqaz Xirosiması” adlı filmdən bəhs edir. Mən də maraqlandım və baxdım. 1 il youtubeda duran videonun azərbaycan versiyasına 4117, rus versiyasına cəmi 2434 adam baxıb. Dövlət dəstəyi ilə yaradılan bu filmə ehtimal ki, Elnur Aslanovun ətrafı və 1news.az saytını azsaylı auditoriyası baxıb. Eldar və Nigarın Eurovisondakı klipinə isə 3 243 232 adam baxıb.

 Gün olmaz ki, İctimai Televiziyada Eurovision klipləri göstərilməsin. Bu filmi isə birinci dəfə görürəm. Və belə  “informasiya müharibəsi” ilə Azərbaycan hakimiyyəti Qarabağı qaytarmağı söz verir. Silahlı Qüvvələrin necə davranacağını bilmirəm, amma informasiya müharibəsində məğlubiyyət planı tam qüvvəsi ilə işləyir.

Elnur və Nərgizin hər ikisinin məktubunda bir suala cavab verilir. Azərbaycanlılar ölülərini harada basdırır? Belə əhəmiyyətsiz bir iddiaya uzun cavab yazılması azəri “ideoloq”ların erməni qarmağına axmaqcasına düşməsinin sübutudur. Hamıya məlumdur ki, kənd sakinləri ölülərini kənd qəbristanlığında basdırır. Müsəlman olsun, ya xristian heç bir fərq etməz. Nərgizin məktubuna gəlincə şübhəm qalmadı ki, bu Elnur Aslanov məktubunun “körpə variantı”dır. Bəs sizin necə?

İqtidar informasiyası yayan saytlardan biri - modern.az da daha bir məktub yayılıb. Bu dəfə oğlan adından və daha gülünc şəkildə. Məktub başlanan kimi 13 yaşlı Nazim səhvə yol verir: “Mənim də 13 yaşım var. Mən əslən Xankəndindənəm. Lakin ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz evimizdən qaçmalı olmuşuq. Bir anlıq təsəvvür edə bilərsənmi, sizin evinizi əlinizdən alıblar, qalmısınız küçələrdə.”

Saxta məktubu yazan unudur ki, müharibə 17 ildir qurtarıb, Xankəndi isə 19 il əvvəl boşaldılıb. 13 il əvvəl evindən qaçmış olduğunu və küçələrdə qaldığını bildirən körpəni təsəvvür edə bilmirəm. Amma orderli evi qaçqınlar tərəfindən işğal edilmiş və küçələrdə qalmış Bakı sakinini gözəl təsəvvür edirəm.

Digər bir səhv: “Adelina, Xankəndinin Stepanakert olduğunu yazırsan. Axı o yerlərin tarixi Stepan Şaumyanın yaşından milyon il qabaga gedir. Bəs o zaman oranın adı nə olub...?” Milyon il əvvəl? Milyon il əvvəl orada nə azərbaycanlı, nə də erməni. Azıxantrop olub, meymuna bənzər insan olub. Ermənilər tarixin uydurmaçıları kimi tanına bilərlər, ancaq o dərəcə axmaq deyillər ki, polemikaya girib özlərini meymunla müqayisə etsinlər.

Gözlər yaşardıcıdır ki, ideoloji müharibəni belə kütbeyinlər aparır. Əbəttə, belə məktubları oxuyanda gözləriniz həm gülməkdən, həm də halımıza acımaqdan yaşara bilər.

Nəhayət 26 avqustda Bakıda Kempinski oteldə keçirilən tədbirdə Elnur Aslanov bəyan edib: ”Bugün Azərbaycan Ermənistanla informasiya müharibəsində qalib gəlir” Kimə qalib gəlib Elnur Aslanov? 13 yaşlı bir qıza. Kimi bu müharibədə müdafiə edib? Məktuba cavab verməli olan İlham Əliyevi.

İnformasiya müharibəsində qalib olduğunu elan etmək üçün ya çox özünü bəyənmiş olasan ya da heç nəyi görməyəsən. Propaqanda qramafonunun valını nə qədər fırladırsan fırlat, həqiqət öz mənbəsindən gəlməyənədək o val saxta musiqi çalacaq.

Комментариев нет:

Отправить комментарий