Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 14 сентября 2011 г.

Millət hara?

İki həftədir Azərbaycanı Güney yanğısı sarıb. Bu yanğı nəyi sarır, nəyi yandırır, nəyi yaradır mənə hələ də aydın deyil. Bəlkə kimsə doğurdan da bizi sarıyır? Məsələyə nə şair ruhlu qoca kimi, nə də qanı qaynayan cavan kimi yanaşacam. Sırf bir siyasətçi düşüncəsiylə, praqmatist mövqedən yanaşacam.

Urmiya gölü quruyurmuş və Güney Azərbaycan əhli etiraz mitinqlərinə çıxıb. İnsanın texnogen fəaliyyəti artdıqca təbii gölün suyunun azalması adi bir haldır. Ya əkinçilikdən imtina etməlisən, ya da variant tapmalısan.

    Deyim ki, güneylilərin Araz çayından Urmiyaya kanal çəkdirmək planı tam bir avantüradır. Yaxşı ki, İran parlamentində bizimkilərdən fərqli olaraq ağıllı adamlar oturub və bu planı rədd etdilər. Yoxsa şimali Azərbaycanı əsl ekoloji fəlakət gözləyirdi.

        Bir qism deyir ki, göl boş şeydir. Güneylilər illərdir yığılıb qalmış problemlərini həll etmək istəyirlər. Problem nədir? Azadlığın olmaması. Xatırladım ki, iki il öncə Tehranın mərkəzi etiraz dalğasından 1 ay lərzəyə gəldi. Yüzminlərlə gənc avtoritar rejimdən qorxmayaraq üsyana qalxdı. Təbriz və Ərdəbilin qalxması kifayət idi ki, molla rejimi tarix olsun.

Güneylilər nə etdi? “Bizlik deyil” deyib yatdılar. Məgər Tehranlı gənclə indi etiraz edən Təbrizli gəncin istəyi bir deyildimi? Azadlıq istəyini deyirəm. Demokratik rejimin verəcəyi bütün azadlıqlar. Deyəcəklər ki, bizim istəyimiz liberal azadlıqlar deyil, milli azadlıq, ərazi müstəqilliyidir. Əgər o qafada insanlar milli dövlət quracaqlarsa, belə azadlıq olmaz-olsun. Kölə düşüncəlilərin kölə sahibinə çevrilməsindən savayı bir dəyişiklik olmayacaq.

Hər kəs anlamalıdır ki, bugün dünyanın diqqətini cəlb edən nə milliyyət, nə də əmlak üstündə gedən mübarizələrdir. Yeganə dəstəklənən mübarizə forması xalqların öz avtoritar rejimlərinin buxovlarından qurtulması uğrunda apardığı mübarizədir. Yəni-Demokratiya. Dünən demokratiya uğrunda meydanda olan fars gənc bugün qarşında sipər olacaqsa, buna təəcüblənmə, ey Güneyli. Mövcud şəraitdə iki köləni bir araya gətirəcək heç bir dəyər yox.

Keçək bizim siyasətə. Doğrusu İrandakı vəziyyətlə bağlı bizim müxalif partiyalar bəyanat verəndə qarşı çıxmadımsa da, məmnun da olmadım. Bir bəyanat belə siyasətdirsə, siyasətin hədəfi nədir? İş bəyanatla qalmır. Mətbuat, siyasətçilərin çıxışı, bütün siyasi enerji real hədəfi olmayan istiqamətə yönəlir.

Siyasətdə qazanc gətirəcək məqsəd yoxdursa, ona sərf edilən vasitələr domino oyununa bənzər. Səs çıxar, xal tutular, amma real heç nə qazanılmaz. Verilən dəstək, sərf edilən enerji müxalifət partiyalarına nə Milli Məclisdə mandat gətirəcək, nə də çatışmayan maliyyə resurslarını bərpa edəcək. Nə dəki sabahkı seçki üçün seçici kütləsi səfərbər edəcək. Çünki etiraz edənlər Azərbaycan Respublikası vətəndaşı belə deyil.

O zaman nəyə və nəyin uğruna dəstək veririk? Hökümətin susqunluğunu qoruduğu zaman, müxalifətin özünü bu yolda fəda etməsi onsuz da hakimiyyət tərəfindən yox edilməkdə olan son resursları döyüşə atmaq kimidir.

Yox əgər, insaniyyət naminə dəstək verəcəyinizi iddia edirsinizsə, o zaman partiya strukturunu xeyriyyə cəmiyyətinə çevirmək lazım. Çünki partiya strukturu daha realist məqsədləri olan bir institutdur.

Azərbaycan siyasi mədəniyyətinin bədbəxtçiliyi ondadır ki, 20 ildir real politik anlayışını özündən uzaq tutub. Korğolu şöhrəti gətirəcək hər bir avantüraya razılıqla baş qoyub. Halbuki siyasətdə qazanılacaq ancaq və ancaq 3 hədəf vacibdir.

1.Kokret maraq qrupunun seçici səsi,
2.Maliyyə,
3.İnzibati resurslar.

Xatirinizdə olar, 8-9 il əvvəl Azərbaycan müxalifətində “Azərbaycan NATO-ya üzv olmalıdır ya yox?” mövzusunda müsahibə verən, polemika açan xeyli siyasətçi vardı. İndi bu polemikaları görməzsiz. Çox gözəl ki, belə axmaq məşğuliyyətin qulpunu buraxdılar. Təbii, zaman və şərait bu polemikları mənasızlığını ortaya çıxardı.

Belə müzakirələri aparmaq üçün ilk öncə siyasi qərarları verən mərkəz olmalısan. Yəni, hakimiyyət. Ən önəmlisi, daxilin xarici kəşfiyyatdan təmizlənmiş, iqtisadi və siyasi şantajlardan sığortlanmış bir dövlətin hakimiyyəti.

İllərdir Azərbaycan müxalifətinin xarici siyasətini “beynəlmiəl millətçilik” yönləndirdi. Bu siyasət türkçülük, Turançılıqdan da kənara çıxır. Çünki hakimiyyət güclənəndə biz Gürcüstanın da, Ukraynanın da dəstəkçisinə çevrilirik. Elçibəydən miras qalan “beynəlmiəl millətçilik” Elçibəy nüfuzu qədər geniş auraya malik idi. O, partiya sədri olmadan belə Türk dünyasının Dalay Laması olmağa iddia edə bilər və sözü keçərdi.

Elçibəydən sonra? Təbii ki, indi bu auranı saxlayacaq və siyasətə çevirəcək bir mərkəz yoxdur. Bu Azərbaycanı əhatə edən mövzu deyil, bütün müstəqil türk dövlətlərində belə mərkəz yox vəziyyətindədir.

Bu ölkədə ari ideologiyası kimi nümunə olacaq millətçiliyin nə ideoloji bazası, nə də yazılan bircə kitabı var. Sistemli nəzəriyyə yaranmadıqca mən istənilən millətçilik çıxışına avantüra, ya da “satılmışlar”ın meydan sulama fürsəti kimi baxacam.

20 il Türkiyə uğrunda siyasi enerjimizi fəda etdik. Zamanla buradan soyuyan Türkiyə hər fürsətdə “kardeşlerimizin işine karışmıyoruz” deyə yaxasını kənara çəkdi. Halbuki vaxtında o yaxadan yapışmalı, gərəkirsə o yaxanın sahibinin sifətinə də tüpürülməli idi. Bugün Bakıda “Amerika günləri”, “Almaniya günləri”, “İsrail günləri” keçirilir, gənclər səfirliklərə dəvət edilir. Amma Türkiyə öz şərəf günləri sayılacaq günlərdə belə ortada yox. Məsuliyyətini özünə xatırlatmadığımız Türkiyə səfirliyinin Latviya səfirliyi səviyyəsinə enməsində də təəccüblü bir şey yox.

Hər hansı milli temada bəyanat verməzdən, qətnamə oxumazdan əvvəl bir düşünün. Bəlkə yazı yazılacaq kağıza, iz qoyacaq mürəkkəbə israf edəcəksiniz?!



Комментариев нет:

Отправить комментарий