Başlanğıc...

Paz-zollayaninin köşəsi

среда, 25 мая 2011 г.

Dirənən rekord

Uca millətimizə dərin kədər üz verib. Ondan da uca bayrağımızın analoqsuzluğu əldən gedib. Tacikistanın baş əkəsi İmaməli Rəhman dünyanın ən hündür bayraq dirəyini ucaldıb. Nə çox, nə az düz 3 metr fərqlə. Avtokratlar yarışında indi o liderdir.
Əslində gözlənən hadisə idi. Bayraq dirəyinin hündürlüyü millətlərin yüksəlişinin yox, diktaturaların acizliyinin uzanan yarışı idi. Çiçəklənən Azərbaycan bu yarışda neçə-neçə diktatoru ağlar qoymuş, Şimali Koreyanı belə kölgəsində saxlamışdı. Artıq şans əldən gedib.  İmaməli 165:162 İlham Əli(yev). Hesab taciklərin xeyrinə yazıldı.

Yaxşı bir atasözü var “Saçı uzun olanın ağlı gödək olar.” Müasir dövrə çevirsək: “Dirəyi uzun olanın xərci çox, şöhrəti qısa olar.” Demokratik sistemlər bu kimi nəhəng layihələrdən çoxdan imtina ediblər. Çünki nə məntiqi, nə də iqtisadi faydası var. Kişi əhalisinin əksər hissəsi Rusiya tikintilərində qul kimi çalışan İmaməli öz qürurunu ancaq bu dirəklə qaldıra bilərdi. Bizim milli utancları saymasaq da bilirsiz. Nə yaxşı ki, “Eurovision” var. Yoxsa bütün məmur aparatı indi dodağını çeynəyirdi.
Bütün bunlar bir yana, facebookda Elnur Baimovun yazdığı bir başlığa gülmədən keçə bilmədim. “Bizim flaqştokun uzunluğunu artırmaq olarmı?” Bilirsiz bu nəyə oxşayır? Toy gecəsi brak çıxmış qızın yenidən təmir edilməsi istəyinə. Bizim rusdillilərin forumlarda patriotik  mübarizəsini çoxdandır izləyirəm. Dolma patenti, Sarı gəlin isməti probleminə daha bir brendi əlavə ediblər. Bayraq qeyrəti. Nə qələt edib taciklər irəli düşüb. Gərək Ermənistanı gözləyərdilər. Bax o zaman görərdiz rusdilli əhlimizin şücaətini. Şərh çoxluğundan forumlar çökərdi. Xurmetli prezidentdən Şuşanı 3 gündə alıb, daha uca bayraq dirəyini Cıdır düzünün ortasında basdırmağı xahiş edərdilər. İndi isə söyməyə Ravşanla-Cumşud (Naşa Raşa) qalır.
Görünür Ermənistanın buna ehtiyacı yoxdur. Bayraq göstərməsələr də, 17 ildir Əliyevlər siyasətinə barmaq göstərirlər. Dirəyin daim uzanması üçün Zamin Hacı gözəl təklif vermişdi. Amma həmişəki kimi hökümət müxalifəti dinləmədi. Bu da nəticəsi. Bayraq dirəyinin qeyrətini mühəndislər də qaytara bilməsə, sonuncu ümid seksopatoloqadır.
Ən uca bayraq dirəyi o diktatora ucalıq gətirər ki, onun ölkəsi dünyanın sonuncu diktaturası olsun. Hamı dərk edər ki, heç bir demokratiya ondan yüksəyə tullanmayacaq. Ağıl ağıldan üstün ola bilər. Amma ortada bir fakt var ki, ağılsızlıq ağılsızlıqdan daha hündür.

Комментариев нет:

Отправка комментария