Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 12 мая 2011 г.

Qul tumurcuqları

10 mayda bir "Gül bayramı" da keçib getdi. Bu mərasimi "Qul bayramı" adlandırmağı sevirəm və mənim kimi minlərlə azad düşüncəli gənc. Hələki xalqımız bu bayramın necə bir eşşək yükü olduğunun fərqində deyil.  Fərqində deyil, çünki xərclənən milyonlar onun deyil və gözünə dəyən ancaq bər-bəzəkdir. Nə itirdiyini isə hələ dərk etməyib. İldə 20-30 milyon manat xərclənən bu bayramın əsl ağırlığını illər sonra onların övladları hiss edəcək.  Vaxt gələcək ki, yığılmış milyardlarla xarici borcu bugünki körpələr ödəməli olacaq. Bax o zaman qərənfil nədir, holland zanbağı da hönkür-hönkür ağlayacaq.
İnsanlarımızın itkisi pul vahidi ilə ölçülsəydi nə vardıki. İtirilən təkcə pullar deyil, sayı milyonluq nəsillərdir. Manqurtlaşmış, əsla demokratiya havası udmamış, diktatorların baba, dayı olmasına inanan nəsillər. Güllərin gözəlliyi və ətri qarşısında bu nəsillər "Bir qalanın sirri"ndəki Mətanət bacı kimi məst olub gedirlər. Avtoritar, totalitar sistemlərin bir doktrinası var: "Əgər hakimiyyətini uzatmaq, sənə nökərçilik edən qul nəsillər yetişdirmək istəyirsənsə işə uşaqlardan başla."
Heydər Əliyev də bunu başa düşürdü. Hakimiyyətə yeni gəldiyində ətrafı ancaq qocalardan ibarət idi. Onun  gəlişi zamanı uşaq, yeniyetmə olanlar isə azadlıq havasını udmuş, avtoritarizmi rədd edəcək nəsillər idi. Təzə doğulacaq körpələrdən başlamaq lazım idi.
İlk əvvəl bağça və məktəb uşaqlarını yol kənarına düzməkdən başladılar. Əllərinə bayraq verib küçələrdə süründürdülər. Amma bu iş də fayda vermədi. Havayı bayraq maraqlı olsa da çəkdirilən əzab dahi rəhbərə qarşı nifrətə çevrilirdi. İmtina edildi. Daha sonra "Gənc Heydərçilər" adlı uşaq təşkilatı düzəltdilər. İtalyan faşistlərinin "qaraköynəklilər"i kimi bu uşaqlara forma geyindirib dəstə-dəstə aeroporta aparırdılar. Bu yetməzdi.
Tam bir nəsli ələ almaq, onu sadiq, keçmişindən xəbərsiz qul  kimi yetişdirmək lazım idi. Təbii ki, korrupsioner bir dövlətin SSRİ-nin pioner təşkilatlarını və onun imkanlarını bərpa edəcək istəyi yox idi. Bax bu zaman qul ağacı tumurcuqlamağa başladı. H.Əliyev öz ad gününü uşaqlara  hədiyyə etdi. Hədiyyənin minnəti isə güllər və parklar oldu. İlk zaman çox məsum qarşıladıq bu günü. Zanbağın gicitkən tək zəhər saçacağını sanmadıq. 
Biz də uşaq olmuşuq. Dünyanın super gücü SSRİ-də Leninin ad günü qeyd edilirdi. O, da qeyri-rəsmi bayram idi. Ancaq milyonlar xərcləmədən. Hər il 22 apreldə televizorda Leninlə bağlı teatr səhnəcikləri verilirdi. Doğrusu boz Sovet siyasi nomenklaturası içində Lenin bizə məzəli personaj kimi görünürdü. Stolun üstünə qalxaraq bu kiçik boylu, qısa saqqallı, gülməli nitqi olan kişini parodiya edərdik. Sağ əlimizi yuxarı qaldırıb "Yoldaşlar!" deyərək xeyli əylənərdik. Amma Əliyev uşaqlar üşün o qədər xoş personaj deyildi. Onun zəhmli görünüşünü ancaq güllər yumşalda bilərdi. O, heykələ çevrildikdən sonra isə güllərin sayı yüz dəfələrlə artdı. Axı uşaq gözündə daş bütü də əritmək lazımdır.
"Çiçəklənən Azərbaycan" adlı şablon bir şüar var. İndiki reallıqda isə çiçklənən ancaq qul ağacının tumurcuqlarının körpə ləçəkləridir. 

Комментариев нет:

Отправить комментарий