Başlanğıc...

Paz-zollayaninin köşəsi

понедельник, 2 мая 2011 г.

1 May – Fəhlə və Gəncin günü

1 May nədir? Bayramdır, aksiyadır, ya yad bir tarix?! 1 May mübarizə günüdür. Bilərək və bilməyərəkdən tariximizə yazılan gün. 1 Mayı SSRİ-də qeyd edirdik,  1 Mayı müstəqillik tariximizdə canlandırdıq.
1 May Gəncin günüdür. Onun hərəkatı ilə Azərbaycan tarixinə yazdığı gündür. 2009-cu il 30 aprel günü ADNA-da baş verən qətl ölkəni sarsıtdı. Hakimiyyət tərəfindən artıq yuxuya verilmiş olduğu sanılan Azərbaycan gəncliyi qəflət yuxusundan oyandı.
Ertəsi gün terror yerində anidən 2000-dən çox gənc toplaşdı. 2008 prezident seçkisində heç bir tərpəniş görməyən hökümət bir yerdə toplaşan bu qədər gəncin qarşısında donaraq reaksiya verdi. O gün gənclər ilk planlaşdırılmamış yürüşlərini keçirdilər. Hökümət qarşısında tələblərini çəkinmədən söylədilər. Susdurulmuş demokratiya 1 may günündə canlandı və addımladı. Bugün meydanlarda yeni gənclər addımlayırsa ayaq açdıqları gün 1 maydır.
Şəxsən mənim üçün fərmanla verilmiş 2 fevral “Gənclər günü” heç nə ifadə etmir. Çünki tarix fərmanlarla yazılmır, hərəkatlarla günlər tarix olmaq hüququnu qazanır. Əgər bir gün demokratik gənclik öz halal gününü qeyd etməyə qərar verərsə, o zaman onun haqqı ilə qazandığı 1 Mayı vardır.
1 May Fəhlənin günüdür. Kökü Çikaqoya gedib çıxır. Qol-budağı isə dünyanı sarmış. 1 May zəhmətin müdafiəsi günüdür. Sovetlərdə bu günü bayram, iməclik, gəzinti kimi qeyd edirdik. Mübarizədən isə bir şey yox idi. Müstəqilliyin qazanılması ilə bu bayram təqvimimizdən silindi, digər SSRİ günləri kimi. Mənə qalsa idi 8 Martı ləğv edərdim. Çünki Sovet dövründə belə 8 Mart müəlliməyə “hədiyyə günü” kimi tanınırdı. Əliyevlərin dövründə isə “külli miqdarda pul tutma günü” kimi yaddaşlarda qaldı. Arada isə qolundakı zəncirlərdən başqa heç nəyi olmayan fəhlə itirdi. Hər cür sovetləşmədən uzaq olaq düşüncəsi ilə bu günü itirən fəhlə əslində nə itirdiyini belə fərq etmədi. Ancaq gələcəyi üçün bir dayaq nöqtəsindən məhrum oldu.
SSRİ qayıtmadı, H.Əliyev isə qayıtdı. 9 Mayı bərpa etdi, amma 1 Mayı yox. Niyə? Çünki H.Əliyev proletariatın gücünü bilirdi və ondan taun kimi qorxurdu. Bu səbəbdən 1994-cü ilin əvvəli Azərbaycanda bütün zavodlar, fabriklər, hətta tikilməsinə bir neçə ay qalmış binalar belə süni şəkildə dayandırıldı.
9 May isə qocalar günü idi. Müharibəni uduzmuş ölkə üçün əslində mənasız gün idi. Azadlıq hərəkatında meydanda olmuş gənclər Əliyevi dəstəkləməyəcəkdi. Bu səbəbdən qocaların könlünü oxşamağı hədəflədi.  SSRİ dağılmışdı, amma mənzil paylama, putyovka kimi sosial güzəştləri AXC hakimiyyəti qoruyub saxlamışdı. Düzdü, o evlər fəhləyə də çatmadı. Əksəriyyətin bugün də çıxmaq istəməyən qaçqınlar tutdu. Digərləri isə beton skelet kimi açıq havada çürüdü.  Beləliklə fəhlə sinfi məhv edildi. Əvəzində isə 28 may metrosu ətrafında “şor və göysatanlar” ordusu yarandı. Əksər siyasi qüvvələr o zaman bunu dərk etmədi. Ancaq “88-də meydanlara yüz minlərlə adam çıxırdı, indi niyə çıxmır?” sualına cavab axtarırsınızsa bunun səbəbi məhv edilən kollektivizmdədir. Fəhlə kollektivi isə kollektivlərin ən mütəşəkkili, siyasi cəhətdən ən güclü zərbə qüvvəsinə malik olanıdır.
1 May bir zaman təqvimdə qırmızı hərflərlərlə yazılacaqsa o gün mənim üçün “Fəhlə və Gəncin mübarizə” günü kimi xatırlanacaq.

Комментариев нет:

Отправить комментарий