Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 22 декабря 2011 г.

Azıxbaycan-2020

Bakı Biznes Mərkəzində Bakının 2020-ci il  Olimpiya Oyunlarının namizədliyinə təqdimatı keçirilib. Təqdimat 4 ildən bir keçirilən gerçəkləşməyəcək avantüradır. Ancaq yeni loqo nəyə desən dəyər. 

Hakimiyyət nümayəndələri demokratiya, ifadə azadlığı mövzusunda nə qədər saxta görünsələr də, avtoritarizmin təqdimatında bir o qədər səmimidirlər. Dildə də olmasa, simvollarda. İnanmırsız? O zaman loqoya baxın. Kimsə deyəcək milli ornamentdir. 

Elə isə loqodakı simvolu 45 dərəcə çevirin. Görəcəksiz ki, əsl “reşotka”dır. Loqoya baxan xarici qonaq milli rənglərdən o dəqiqə anlayacaq ki, bura Ş.Koreya, Suriya yox elə “Odlar diyarı” Azərbaycandır.

 Onsuz da Azərbaycan böyük həbsxananı xatırladır. 2020-ci ilə (Allah eləməsin) üstünə böyük bir “reşotka” qapaq keçiriləcək. Loqonun sloqanı da var. “Birlikdə bacararıq”. Bir az səmimi olsaq,  loqoya uyğun sloqan bax belə olacaq: “Bir yerdə basarıq”. Originallığınıza heyranam. Diktaturanı simvollarla heç kəs belə gözəl təmsil edə bilməzdi.

Azərbaycanda “Azıx” gənclər qrupu da varmış. Nə gözəl. Milli köklərə bundan səmimi qayıdış?! Hayıf gec xəbər tutmuşuq. Təkliflər verərdik, həvəsləndirərdik. Rejim təzə-təzə ayaq açanda dedilər “vəhşi kapitalizm”dir. Keçib gedər. Sonra feodal xanlığa bənzətdilər. İndi əmindirlər ki, bütpərəstlik dövrüdür.

Yox yoldaşlar, yolumuz mağara yoludur. Başımızda dahi rəhbər Çinqan-Çunq. Kim Jonq-li kimdir onun yanında. Niyə biz bu dünyaya mavi, lezbiyan liberalların, avropalıların gözü ilə baxmalıyıq. Elə milli evimiz-Azıx mağarasının içindən baxaq dünyaya. Maraqlıdır ki, qrupa sədr kimi qız seçiblər. Yəqin Azıx mağarasından çənə sümüyü tapılmış namuslu-ismətli gəlinimizin xatirəsinə hörmət əlaməti olaraq.

“Azıx”çılar tvitterdə # işarəsi ilə Azərbaycan həqiqətlərini dünyaya çatdıracaqlar. Çox gözəl. Həbsxana rejimini simvolizə edən əsl “həqiqət” – # işarəsi. Arxasına “Azerbaijan” sözü keçdimi işlər tamam. Məsləhət görərdim, gənclər avropalıların bu simvolu da bizdən oğurladığını sübut etsinlər. Bunun üçün Qobustan qayaüstü rəsmlərinin fotosunu çəkib dünyaya bəyan etmək kifayətdir. Qoy ulu əcdadlarımızın haqq səsi okeanın o tayında da eşidilsin.

P.S.Çoxdandır hökümət saytlarına girmirdim. Hesab edin ki, bundan sonra daimi izləyiciniz var.

Комментариев нет:

Отправка комментария