Başlanğıc...

Paz-zollayaninin köşəsi

пятница, 23 декабря 2011 г.

Prezident aşı


Bu dəfə əsgərlik həyatından yazmaq istədim. Bir əsgərlik xatirəsindən. O xatirə ki, onda bugünün izi var. Əsgərin həyatında bayram günlərinin xüsusi önəmi var. Bu günlərdə o siravi vətəndaş kimi televizor qabağında uzanmaq, yaxud bulvara çıxıb gəzmək kimi hislər keçirməz. Amma onun üçün iki çatışmayan qidanı – bir saat artıq yuxunu və fərqli yemək rasionunu hədiyyə kimi almış olar. Məhz bu iki şeyə görə bayram günlərini səbirsizliklə gözləyər.

İl 2006, 17 noyabr.
Nahar yeməyi vaxtı yetişdikdə növbətçi  çavuş bizi sıraya düzdü. Hamının toplandığını görüb dedi: ”Hazırlaşın uşaqlar. Bugün Milli Dirçəliş günüdür. Bayramdır. Yeməyə aş olacaq” Gözləyirdik bugünü, təkcə aş üçün yox. Çünki belə günlərdə əsgərin dəyəri öz gözündə artardı. Yeməkxana önündə sıraya düzülüb növbə ilə içəri keçdik. Lakin  gözləmədiyimiz mənzərə ilə qarşılaşdıq. Aş yerinə qreçka (qarabaşaq) verilirdi.

Hamıda belə sual yarandı. “Necə yəni? Belə günü də unutmaq olar?”Çavuş aşpazları danladı. Çaşqınlıq içində olan əsgərlər deyinə-deyinə zabitləri diqqətsizlikdə günahlandırdı.

Amma əsgərlər xəbərsiz idilər. Çox az adam bilirdi ki, ali baş komandan dedikləri şəxs müqəddəs sayılan dövlətçilik günlərini bir əmri ilə ləğv etmiş, onları adi günə çevirmişdi. Əsgərin gözlədiyi  dəyər də adiləşmişdi. Qreçka xörəklərdən  məqbulu sayılsa da o gün hamı yediyini zəqqum kimi uddu. Hər kəsin üzündə qəzəb, dövlətinə qarşı narazılıq hissi vardı. İş aşda deyildi, ancaq onlar üçün müqəddəs bir gün adiləşdirilmişdi.

İl 2006, 24 dekabr.
Heç kim heç nə gözləmirdi o gün. Sıradan bir gün idi bizim üçün. Adi qaydada yeməyə gedib naryada çıxacağımızı fikirləşirdik. Həmişəki kimi sıraya düzülüb içəri keçdik. Amma bugün menyudan kənar aş vardı. Heç kəs anlamadı. Axı nəyə görə? - dedi hamı. Yeni il bayramına hələ altı gün vardı. Meyvə də, aş da , pendir də bayramda olacaqdı. Hər kəs nimçəsini doldurub stola oturdu. Adi qaydada yeyib çıxdıq. Səbəb isə naməlum qaldı.

Axşam üstü kimsə dedi: “Deyəsən bugün İlhamın ad günüdür”. Səbəbi bildik? ancaq heç kəs o gün AZTV zəhmetkəşləri kimi prezidentinə təşəkkürünü bildirmədi, bir nimçə aşa görə ona can sağlığı arzulamadı. Dodaqlarda isə istehzalı gülüş doğdu.

Sizə Azərbaycan əsgəri dünyanın ən miskin, yazıq və əlacsız məxluqu kimi görünə bilər. Efirdən rəngi qaralmış görüb onu belə təsəvvür edə bilərsiniz. Ancaq əsgər əyinindəki o yaşıl formanı daşımaqla həm də bir qürur hissi daşıyır. Adi vətəndaş cəmiyyətində hiss etmədiyi, görmədiyi özünə hörmət hissini daşıyır.

O, gün ərzində ac qala bilər amma əsla və əsla yediyi bir nimçə aşa görə şaha minnətdarlıq etməz. Şahın ad günündə diqqət gördüyü üçün ona dua etməz. Neçə naryad cəza alar, amma daxili qürurunu ayaqlar altına atmaz.

Cəmi bir günün yerini dəyişmişdilər. Aş porsiyası isə elə eyni qalmışdı. Prezident aşı ilə əsgərdən minnət gözləyirdilər. Bunu ancaq hərbi xidmət keçməyib komandan olan şəxs düşünə bilərdi ya da onun məddahları.

Hərbçi isə əsla. Əsgər könüllərindən gözlənilən minnət sevincinin yerini isə qat-qat artıq nifrət və istehza hissi tutmuşdu.

Abzas.net

Комментариев нет:

Отправить комментарий