Başlanğıc...

Paz-zollayaninin köşəsi

четверг, 29 декабря 2011 г.

Eynullanın haqqı


Bəzən elə məqam çatır ki, deyiləni deməlisən. Üzbəüz olsan da, tanıdıqların incisə də. Həqiqət vaxtında üzə deyilməyəndə palçıq lopaları şəklində geri qayıdır. Cabbar Savalanlı şərlənəndə bəlkə heç vaxt olmadığımız qədər pərişan olmuşduq. Çaşıb qalmışdıq. Axı niyə o? deyə dodağımızı çeynəyirdik.

Çünki Cabbar tanınmırdı. O hansısa ABŞ, Avropa universitetini bitirməmişdi. Onun ingilisdilli status yazan dostları da yox idi. Ailəsi də çarəsizliyin son həddində olan bir ailə idi. Amma sən saydığını say, gör fələk nə sayır. Cabbar birdən böyüdü. ABŞdan Tayvanadək. Cabbar təkcə əfv edilmədi, İlham Əliyev onu azad etməyə məcbur qaldı. Bugün də soruşurlur ki, başqalarına yox, niyə məhz Cabbara bu qədər dəstək gəldi?
 

Bəs başlanğıcda nə olmuşdu. Partiyadaşlarından başqa Cabbar elə bir dəstək görmürdü. İngilisdilli statuslarda da onun adı gözə dəymirdi. Köşə yazarları da yazmağa başladı ki, belə getsə Cabbar unudulacaq. Emin və Adnanın məhkəmələri qarşısında əsir-yesir olan Xədicə İsmayıl belə “mənim kruqum deyil” havası ilə Cabbarın məhkəmələrinə, onun üçün keçirilən foruma Azadlıq radiosundan jurnalist göndərməmişdi. Sağolsun, Xədicəni yox, öz vicdanını dinləyib sonradan gələn uşaqlar. Cabbar üçün keçiriləcək aksiyalar belə aprelə atılmışdı.

Bunlara baxmayaraq Cabbarın işi böyüdü. Daha geniş beynəlxalq aksiyalara çevrildi. Möcüzə kimi görünsə də, hər uğurlu işin altında bir insan əli dayanır. Bugün qəti şəkildə deyə bilərəm ki, Cabbarın beynəlxalq aləmdə vicdan məhbusu kimi tanıdılmasında Eynulla Fətullayevin əvəz edilməz rolu olub. Eynulla həbsdən çıxan kimi istirahətə, müalicəyə getmədi. İlk hədəfi Cabbarın azadlığı oldu. İnternet üzərindən lazimi insanlarla əlaqə saxladı, məlumatlar göndərdi. Xəyal qurmadan işə dəqiq istiqamət verdi. Gənclər Komitəsi bu işdə onunla bir addımladı.

Bugün Eynullanın üzərinə birə kimi daraşanların çox olmasında bəlkə də Eynulla özü günahkardır. Etdiyi yaxşılığı reklam etməməklə, qrant naminə xaricilərə və daxili mətbuata gurultulu “mesaj” göndərməməklə. Eynulla meydanda tək qalıb. Amma o həbsdən çıxan kimi Cabbara sahib çıxdı, onu tək buraxan, məhkəməsi qarşısında bir dəfə belə olmayanların əksinə olaraq.

 Eynullanı ittiham edirlər ki, o niyə rəngləri ağ-qara görmür, gözləri başqa rəngləri də seçir. Rənglər bir yana qalsın, mən siyasətdən uzaq bir gənclə siyasət haqqında danışanda ancaq 3 söz eşidirəm. “Həbs, polis, dubinka” Ağ fikir nədir, qara ancaq qara. Başqa rəngə ümid belə etməyin.

17 ildir müxalifət və qəzet jurnalistləri siyasi mübarizəni vor-zakon aləmi kimi təsvir edir. Sanki polis zorunu mazoxistcəsinə təsvir etdikcə insanların sizə yazzığı gələcək. Sanki siyasi məhbuslarınızın çoxluğu ilə öyündükcə camaat bizimlə fəxr edəcək. Anlamadınız ki, insanların şüuraltında yeri örtülməyəcək qorxu şırımları açmısınız.

 Eynulla nə deyib. Deyib ki, bəzi kolonların şəraiti yaxşılaşıb. Cabbar həbsdən çıxıb həbs şəraiti haqqında nə dedi? Şəraitinin və həbsxana müdiriyyətinin ona münasibətinin yaxşı olduğunu dedi. Eynullanın satılmasına bəhanə tapdınız. Cabbarı kimdən pul almaqda suçlayacaqsınız? Xatırladım ki, bugünədək Cabbarın cibi anasının verdiyi 1 manatdan artıq pul görməyib.

Həbsdən çıxdıqdan sonra Media Mərkəzində Eynullanın gənclərlə görüşündən bir sözü xatırlayıram:“Gənclər, türmə romantikası ilə həbsə girməyə tələsməyin. Bu ölkədən əvvəl həbsxanaları azad etməliyik. Düşünün, siz kimi hara göndərirsiz.” Eynulla ilə dirəşənlər; İlham Əliyevlə apardığınız siyasi mübarizənin 1/20-i Penitisiar Xidmətlə mübarizəyə həsr etmisinizmi? Əgər bugün həbsxanalarda vəziyyətin iyrənc olduğunu öz dilinizlə deyirsinizsə, deməli heç nə etməmisiniz.

Xeyli müxalifətçi var ki, türmə romantikası ilə yaşayır. Müxalifətçilik adına yeganə işləri də bununla yekunlaşır. Türmə romantikası həbsdən çıxan kimi xarici səfirliyin qapısına siyasi mühacirlik üçün cummaq deyil. Kimdənsə inciyib Fərid Şahbazlı kimi gədənin ayağına getmək də deyil. Eynulla kimi Cabbar nümunəsində bir gəncə sahib çıxmaq deməkdir.

Bugün novellalar, səidələr ortaqlıqda səs-küy qaldırırsa bunun özlərinin reklamından başqa heç kəsə faydası yoxdur. O Novella ki, 2010-cu ilin piketlərində məhkəmə qarşısına gəlməmək üçün min-bir bəhanə gətirirdi, Cabbarın işinin böyüdüyünü görüb son məhkəmələrində bəyanatlar verməyə başladı. Mənə inanmırsız Ramin Dekodan soruşun.

Eynullanı siyasi sədaqətsizlikdə ittiham edənlər; gerçək satılmış partiyadaşlarınız durarkən adama deməzlərmi ki, “Başqasının gözündə çöp axtarırsan, arxana batan yonqarı illərdir çıxarmırsan.” Eynulla nə cəbhəçi olub, nə də müsavatçı ki, ondan siyasi sadaqət tələb edəsiniz. Bəs DİN-i, MTN-i, dövlət QHT fondunu su yoluna çevirən həmkarlarınızı nə zaman partiya sıralarından rədd edəcəksiniz?

Bir çoxları İlham Əliyev başqa siyasi məhbusları əfv etməyib deyə məyus olub. Siz nə zaman xarici təşkilatlarla şəxsən əlaqə yaradıb İlham Əliyev üzərində beynəlxalq təzyiq yaratdınız ki, o da məcbur qalıb azad etsin.? Səs-küy çıxaran hüquq müdafiəçilərinə bel bağlamayın. Onlarınki şəxsi reklamdır. Xatırlayarsınız, həmin hüquq müdafiəçiləri mətbuata “17 məhbusun 17si də Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınıb” xəbərini buraxanda. Eynulla özü bizə dedi ki, “cəmi 3 nəfər tanınıb. 2 aprel məhbuslarının şəxsi məlumatları belə Amnestiyə göndərilməyib. Biz səndən məlumat alırıq.” Dəqiqləşdirəndə elə Eynulla deyən çıxdı. Eurovision gəlib çatanda da, əfv siyahısında İlham Əliyevin baş barmağının sizə tuşladığını görsəz təəcüblənməyin. İş necə, nəticə elə.

 Eynulla gənclərə daha bir söz dedi: “Məhbəsdə olan dostlarınız hər səhər oyanıb özlərinə bu sualı verirlər: “Görəsən dostlarım nə zaman məni buradan azad edəcək?!” Eynulla dediyi sözü bir gün belə unutmadı. Bəlkə də bircə domino daşını aşırdı, amma efekt gözlənilməz oldu. Barmağını tərpətməyənlər düşünsün. O gərəkəni etdi və bugün Cabbar azadlıqda, ailəsinin yanındadır. Ya siz?!

Bir neçə cümlə Çingiz Qənizadənin “iki  kərə əfv istəyi” böhtanı haqda. İnsan siyasi əxlaqsızlığın hansı qatına yuvarlanmalıdır ki, Cabbarın müsahibələrindən sonra belə şey desin. Eynullanı bildik, 20 yaşlı gəncdən nə istəyirsən? Aydındır ki, bu sözləri dedizdirən siyasi lotuların puludur. Cabbar azadlıqda olan gün ANS-in kamerasına “Anam ağlayanda niyə çəkmirdiniz?” deyə “paşşolt” komandası vermişdi. Əminəm ki, eyni sözü sənə də deyəcək. Adam bilib saysa.



Комментариев нет:

Отправка комментария