Bəzən elə məqam çatır ki, deyiləni deməlisən. Üzbəüz olsan da, tanıdıqların incisə də. Həqiqət vaxtında üzə deyilməyəndə palçıq lopaları şəklində geri qayıdır. Cabbar Savalanlı şərlənəndə bəlkə heç vaxt olmadığımız qədər pərişan olmuşduq. Çaşıb qalmışdıq. Axı niyə o? deyə dodağımızı çeynəyirdik.
Çünki Cabbar tanınmırdı. O hansısa ABŞ, Avropa universitetini bitirməmişdi. Onun ingilisdilli status yazan dostları da yox idi. Ailəsi də çarəsizliyin son həddində olan bir ailə idi. Amma sən saydığını say, gör fələk nə sayır. Cabbar birdən böyüdü. ABŞdan Tayvanadək. Cabbar təkcə əfv edilmədi, İlham Əliyev onu azad etməyə məcbur qaldı. Bugün də soruşurlur ki, başqalarına yox, niyə məhz Cabbara bu qədər dəstək gəldi?



































